Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MİQRASİYA İDARƏETMƏ SİSTEMİNİN İNKİŞAFI VƏ “AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 24 İYUN TARİXLİ 658-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından miqrasiya proseslərinin tənzimlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının icrası ilə bağlı bir sıra qanunvericilik, institusional və təşkilati tədbirlər həyata keçirilmişdir. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış və fəaliyyətə başlamış, əmək miqrasiyasının tənzimlənməsi təkmilləşdirilmiş, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə gücləndirilmişdir.

Müasir dövrün tələblərinə uyğun olaraq miqrasiya idarəetmə sistemini inkişaf etdirmək və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi layihəsinin hazırlanmasını sürətləndirsin və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın ki:

2.1. miqrasiya proseslərinin təhlilini, proqnozlaşdırılmasını və monitorinqini təşkil etsin və hər altı aydan bir müvafiq hesabatları və statistik məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılmasını yekunlaşdırsın, yeni texnologiyalar tətbiq edilməklə vahid uçotun aparılmasını təmin etsin;

2.3. əhalini məlumatlandırmaq məqsədi ilə kütləvi informasiya vasitələrində miqrasiya qanunvericiliyinin təşviqini, xüsusi nəşrlərin buraxılmasını, maarifləndirmə tədbirlərini təşkil etsin;

2.4. miqrasiyanın idarə edilməsi sahəsində kadrların müasir tələblərə cavab verən peşə hazırlığının təmin edilməsi üçün zəruri tədbirlər görsün və ali təhsil müəssisələrində bu sahədə ixtisaslaşan mütəxəssislərin hazırlanmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, xarici ölkələrin təcrübəsinin öyrənilməsini və fəaliyyətinin təkmilləşdirilməsini davam etdirsin;

2.6. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilməsi və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı səlahiyyətlərinin icrası zamanı miqrasiya sahəsində yeni qanunvericiliyin tələblərinə ciddi riayət etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində:

3.1. miqrasiya ilə bağlı qarşılıqlı məlumat mübadiləsi sahəsində fəaliyyətlərini təkmilləşdirsinlər və işləri əlaqəli şəkildə qursunlar;

3.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla qalmalarına və qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə təmin edilməsinə nəzarəti gücləndirsinlər;

3.3. miqrasiya qanunvericiliyinin tətbiqində sui-istifadə və digər qanun pozuntuları hallarının təxirəsalınmadan araşdırılması və belə hallara yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi tədbirlər görsünlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. həmin Qanunun 14-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş viza alınması üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdiyi halları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. beynəlxalq təcrübə nəzərə alınmaqla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların növlərinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.6 “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləğini və Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.7 həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.8 həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.9 həmin Qanunun 27-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.10. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin blanklarının hazırlanmasını və istehsalını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.11. daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.12. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Müəyyən edilsin ki:

5.1. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.1. 12-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.1.2. 12-ci maddəsinin altıncı hissəsində və 14-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.2. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:

5.2.1. 5-ci maddəsinin ikinci və beşinci hissələrində, 27-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.2.2. 5-ci maddəsinin üçüncü hissəsinin dördüncü və beşinci abzaslarında, dördüncü hissəsinin beşinci abzasında və altıncı hissəsində, 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.2.3. 27-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

5.3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsinin 2-ci və 3-cü bəndlərində və 7-ci maddəsinin birinci hissəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.4. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 34-cü bəndinin “b” və “c” yarımbəndlərində və 38-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.5. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.6. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

5.6.1. 4-cü maddəsinin birinci hissəsində və 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.6.2. 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.6.3. 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

5.7. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin:

5.7.1. 20-ci bəndinin beşinci abzasında, 23-1-ci bəndinin birinci cümləsində və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5.7.2. həmin Qanunun 23-1-ci bəndinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

6. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 iyun tarixli 467 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 20; 2008-ci il, №3, maddə 168) 3-cü bəndində “çıxarılması” sözündən sonra “öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və” sözləri əlavə edilsin;

7. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 168; 2002-ci il, №8, maddə 478; 2006-cı il, №12, maddə 1034) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“həmin Əsasnamənin 34-cü bəndinin “b” və “c” yarımbəndlərində, 38-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. ”.

8. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 166; 2008-ci il, №3, maddə 168) 2-ci bəndinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

8.1. üçüncü abzasda “7-ci maddəsinin 2-ci bəndində,” sözlərindən sonra “10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

8.2. beşinci abzasda “5-ci maddəsinin birinci hissəsində” sözlərindən sonra “, 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində” sözləri əlavə edilsin;

8.3. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin, altıncı abzas yeddinci abzas hesab edilsin:

“həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir; ”;

8.4. yeddinci abzasda “10-cu maddəsinin beşinci hissəsində və” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №9, maddə 539; 2006-cı il, №2, maddə 82; 2008-ci il, №3, maddə 168) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

9.1. 2-ci bəndə aşağıdakı məzmunda səkkizinci-on ikinci abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verən sənədin surəti;

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin surəti;

şəxsiyyəti təsdiq edən sənədin surəti;

qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.)

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün - onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.”;

9.2. aşağıdakı məzmunda 2-1-ci bənd əlavə edilsin:

“2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır.”;

9.3. 10-cu bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin, ikinci-beşinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin:

“4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

şəxsiyyəti təsdiq edən sənədin surəti;”;

9.4. 17-ci bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“uşağın doğum haqqında şəhadətnaməsi.”;

9.5. 19-cu bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“ şəxsiyyəti təsdiq edən sənədin surəti.”;

9.6. 23-cü bənddə “ərizə-anketə” sözlərindən sonra “bu Əsasnamənin 17-ci bəndində nəzərdə tutulmuş sənədlər əlavə edilir və ərizə-anketə” sözləri əlavə edilsin;

9.7. 31-ci bənd aşağıdakı redaksiyada verilsin:

“31. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.”;

9.8. Əsasnaməyə 1 saylı Əlavəyə aşağıdakı əlavələr və dəyişiklik edilsin:

9.8.1. aşağıdakı məzmunda 20-22-ci bəndlər əlavə edilsin:

“20. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaqda məqsəd________________________________________________________________________

21. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə öhdəlik götürürəm.

22. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə səbəb ola bilər. ”;

9.8.2. Xidməti qeydlər hissəsində “(daxili işlər orqanlarında doldurulur)” sözləri “(Dövlət Miqrasiya Xidmətində doldurulur)” sözləri ilə əvəz edilsin.

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 23; 2003-cü il, №9, maddə 484) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

10.1. 2-ci bənddə:

10.1.1. “16-cı-19-cu bəndlərində” sözləri “16-cı və 18-ci bəndlərində” sözləri ilə, “21-ci-24-cü bəndlərində” sözləri “21-ci-23-cü bəndlərində, 23-1-ci bəndinin ikinci cümləsində (birinci halda), 24-cü bəndində” sözləri ilə, “1-6 saylı” sözləri “1-4 və 6 saylı” sözləri ilə əvəz edilsin;

10.1.2. “həyata keçirirlər.” sözləri “, 20-ci bəndinin beşinci abzasında və 23-1-ci bəndinin birinci cümləsində və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.”;

10.2. 3-cü bənd çıxarılsın.

11. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

11.1. 2.8-ci bənddə «457.2-ci,» rəqəmindən sonra «457.2-1-ci,» rəqəmi əlavə edilsin;

11.2. 3.3-cü bənddə «327-331-ci» rəqəmləri «327-329-cu, 331-ci» rəqəmləri ilə, «339-342-ci» rəqəmləri «341-ci, 342-ci» rəqəmləri ilə əvəz edilsin;

11.3. aşağıdakı məzmunda 3.53-cü bənd əlavə edilsin:

«həmin Məcəllənin 330-cu, 339-cu və 340-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində baxırlar;».

12. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin