CƏMİYYƏT
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi-2” layihəsi ilə bağlı müsabiqə elan edilib
Bakı, 10 fevral, AZƏRTAC
Gələcək karyerasını ictimaiyyətlə əlaqələr, marketinq və reklamçılıq sahəsində qurmaq istəyən və ya bu sahədə çalışan gənclər üçün müsabiqə elan edilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, DMX-nin təşkilati dəstəyi ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi-2” layihəsinə start verilir və bununla əlaqədar müsabiqə elan olunur.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR məktəbi-2” layihəsi çərçivəsində seçim turundan uğurla keçmiş gənclər ölkənin bu sahədə tanınmış mütəxəssislərinin iştirakı ilə ictimaiyyətlə əlaqələr, rəqəmsal marketinq, SMM və digər istiqamətlər üzrə peşəkar təlim kurslarına qoşulacaq, televiziya kanallarında, müxtəlif şirkətlərdə praktiki dərslər almaq imkanı qazanacaqlar. Məktəbi uğurla bitirən gənclərə sertifikatlar və tövsiyə məktubları təqdim olunacaq.
Martın 15-dən başlayacaq təlimlər həftədə iki dəfə olmaqla, iki ay müddətində davam edəcək. Müsabiqədə iştirak etmək üçün son qeydiyyat tarixi fevralın 28-dək, müsahibə mərhələsi isə martın 1-dən 10-dəkdir.
“PR Məktəbi-2” layihəsində ilkin seçimdən keçmiş gənclər müsahibəyə dəvət olunacaqlar. Müsabiqədə iştirak etmək istəyən gənclər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.