“MİR CƏLAL PAŞAYEV” GƏMİSİ SUYA BURAXILDI
Yeni gəmiyə görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevin adı verilmişdir. PALMALİ şirkətindən AZƏRTAC-a bildirmişlər ki, gəminin suya buraxılması münasibətilə keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mir Cəlalın nəvəsi, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva, Volqoqrad vilayəti və şəhəri rəhbərliyinin, Müstəqil Gəmi Sahibləri Assosiasiyasının, PALMALİ şirkətinin nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən N.Paşayeva gəmiqayıranlara minnətdarlığını bildirmiş, gəminin heyətinə uğurlar arzulamışdır.
Gəmi taxıl, taxta-şalban, mineral gübrə, habelə təhlükəliliyi yüksək olan yüklər daşımaq üçün nəzərdə tutulmuşdur. Gəmi ikiqat dib və bortlarla təmin edilmişdir ki, bu da dünya Dəniz konvensiyasının tələblərinə uyğundur. Uzunluğu 140 metr və eni 16,5 metr olan gəmi 7 min ton yük götürür. Ondan Rusiyanın Avropa hissəsinin daxili su yollarında və Azov, Qara və Aralıq dənizlərinin limanlarında istifadə etmək nəzərdə tutulur.
Gəminin kapitanı Oqtay Qəniyev İTAR-TASS-ın müxbirinə demişdir ki, “bu, etibarlı, müasir quru yük gəmisidir. Gəmi 8 metr hündürlüyündə dalğaya tab gətirməyə qadirdir və böyüklüyünə baxmayaraq, yüksək manevrliliyi ilə fərqlənir”.
Səfir Polad Bülbüloğlu demişdir: “Bu gün yeni bir gəminin suya buraxılması Rusiya ilə Azərbaycanın dövlətlərarası əlaqələrinin möhkəmləndiyini, iqtisadi tərəfdaşlığının genişləndiyini hər şeydən yaxşı təsdiqləyir”.