SİYASƏT
“MİR” DÖVLƏTLƏRARASI TELERADİO ŞİRKƏTİNƏ AÇIQ MƏKTUB
Bakı, 24 dekabr (AZƏRTAC). “Mir” Dövlətlərarası Teleradio Şirkətinin (DTRŞ) saytında həmin şirkətin müxbiri İrina Mkrtçyanın qısa bioqrafiyası dərc edilmişdir. Həmin materialda müxbirin doğum yeri kimi “Dağlıq Qarabağ Respublikası” göstərilmişdir. Bununla əlaqədar AZƏRTAC-ın xüsusi müxbiri “Mir” DTRŞ-yə açıq məktubla müraciət etmişdir. Həmin məktubun mətnini təqdim edirik.
“Hörmətli həmkarlar, “Mir” DTRŞ-nin saytında (http://mirtv.ru/component/option,com_contact/task,view/contact_id,94/Itemid,34/) yol verilmiş səhvi aradan qaldırmağınızı xahiş edirəm.
Mən belə başa düşürəm ki, İrina Mkrtçyanın həmin səhifədə verilmiş qısa bioqrafiyası jurnalistin özünün təqdim etdiyi məlumata əsaslanır. Lakin o, istər 1970-ci ildə, istər bu gün, istərsə də gələcəkdə qondarma “Dağlıq Qarabağ Respublikası”nda doğula bilməzdi! Səbəb də odur ki, dünyada bu adda dövlət yoxdur! Açıq danışdığıma görə üzr istəyirəm, lakin bu səfeh hərəkət ona bənzəyir ki, “Mir” DTRŞ-nin filan müxbirinin “İçkeriya Çeçen Respublikası”nda doğulması yazılsın, sonra isə həmin informasiya teleradio şirkətinin rəsmi saytında yerləşdirilsin. Mən əsla şübhə etmirəm ki, bu halda RF XİN dərhal bu cür özbaşınalığa münasibət bildirər və həmin səhv ən qısa müddətdə aradan qaldırılardı.
Əlbəttə, xanım Mkrtçyan öz şəxsi rezyumesində nə istəsə yaza bilər, hər hansı ifadə formalarından istifadə edə bilər, lakin həmtəsisçilərindən biri Azərbaycan Respublikası olan Dövlətlərarası Teleradio Şirkətinin saytında “Dağlıq Qarabağ Respublikası” terminindən istifadə edilməsi yolverilməzdir.
Sizdən xahiş edirəm, Azərbaycan XİN-in notasını gözləmədən “Dağlıq Qarabağ Respublikası” ifadəsini sizin müxbirinizin doğulduğu ildə mövcud olmuş “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi ilə əvəz edəsiniz.
Hörmətlə,
Vüqar Seyidov,
Berlin”.