İQTİSADİYYAT
Mirzə Əliyev: “AMAL” layihəsi ilə bağlı xüsusi təbliğat kampaniyasına başlanılacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Yaxın günlərdə “AMAL” layihəsi ilə bağlı xüsusi təbliğat kampaniyasına başlanılacaq.
Bu sözləri jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.
Xidmət rəisi bildirib ki, layihə komandası tərəfindən bu məqsədlə 10 pilot rayon seçiləcək. Seçimdən sonra bu rayonların hər birindən təqribən 20 gənc sözügedən layihəyə cəlb olunacaq. Ümumiyyətlə isə 200 gəncin burada iştirakı gözlənilir.
M.Əliyev onu da əlavə edib ki, həmin gənclərə ilkin olaraq biznes ideyasının formalaşdırılması, aqrar sahədə və biznes planların yazılması ilə bağlı təlimlər keçiriləcək, eyni zamanda, istehsal etdikləri məhsulların bazara çıxışını təmin etmək istiqamətində dəstək veriləcək.