SİYASƏT
Misir Dövlət İnformasiya Sisteminin baş direktoru: Bir əsr tarixi olan AZƏRTAC ilə əməkdaşlıq bizim üçün çox mühümdür
Qahirə, 28 fevral, AZƏRTAC
Bir əsr tarixi olan AZƏRTAC ilə əməkdaşlıq bizim üçün çox mühümdür. Bəşəriyyətin ən qədim sivilizasiyasının beşiyi olan Misirdə müsəlman Şərqinin ilk informasiya agentliyinin müxbir məntəqəsinin bərpa olunması da ölkələrimiz arasında informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Bu fikri Misir Dövlət İnformasiya Sisteminin baş direktoru Məhəmməd İmam AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində səsləndirib.
Misir Prezidentinin mətbuat mərkəzi olan qurumun rəhbəri qeyd edib ki, onun ölkəsinin media sahəsinə rəhbərlik edən idarəsi Misirdə gedən quruculuq işləri haqqında xəbərlərin daha geniş məkanda, o cümlədən Azərbaycanda yayılmasında maraqlıdır.
M.İmam yubiley münasibətilə AZƏRTAC-ın rəhbərliyini, kollektivini və bütün Azərbaycan mediasını təbrik edib.
Görüşdə Misir Dövlət İnformasiya Sisteminin baş direktoruna AZƏRTAC-ın 100 ildə keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verilib.
Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov görüşdə iştirak edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə