RƏSMİ XRONİKA
MİSİR EHRAMLARI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da
Misir Ərəb Respublikasına rəsmi səfərinin birinci gününün sonunda Cizə yaxınlığındakı Xeops ehramı ilə tanış olmuşdur.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, Misirdə Qədim padşahlıq dövründə (eramızdan əvvəl 2008-2250-ci illər) fironlar Xeops, Xefren və Mikerinin Cizə yaxınlığında əzəmətli ehram-sərdaba kompleksləri tikilmişdir. Dünyanın yeddi möcüzəsindən biri sayılan bu abidələrdən ən böyüyü hündürlüyü 146,6 metr olan Xeops ehramıdır. Ehramların yerləşdiyi sahədə Qədim Misir əsilzadələrinin dəfn olunduğu 7 mindən artıq sərdabadan ibarət nekropol var. Bu ərazidə XIX əsrdən arxeoloji qazıntılar aparılır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Xeops ehramının tikintisinə dair müxtəlif fikirlər haqqında ətraflı məlumat verildi. Eyni zamanda bildirildi ki, ehram 2 milyon 300 min ədəd daş blokdan tikilmişdir. Blokların hərəsinin ortaq çəkisi 2,5 tondur.
Prezident İlham Əliyev və xanımı ehramın ətrafını gəzdilər, turistlər üçün nəzərdə tutulan keçiddən keçdilər.
Dövlətimizin başçısı və xanımı ətrafdakı kiçik ehramlara, məzarlığa, yaxınlıqdakı muzeydə qazıntılar zamanı tapılmış və bərpa olunmuş qayığa baxdılar.
Prezident və xanımı qədim abidələrlə tanışlıq zamanı xatirə şəkilləri çəkdirdilər.