DÜNYA
Misir Prezidenti ölkədə matəm elan edib
Qahirə, 21 sentyabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi feldmarşal Məhəmməd Hüseyn Tantavinin vəfatı ilə əlaqədar ölkədə matəm elan edib. Bu barədə Misirin “Əl Əhram” qəzeti məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, Misir Prezidenti 85 yaşlı feldmarşal Tantavinin vəfatını ölkə üçün böyük itki adlandırıb. O qeyd edib ki, məşhur hərbçi ölkənin ən ağır günlərində öz müdrikliyi ilə milli birliyi qoruyub saxlaya bilib.
Misir Silahlı Qüvvələri Ali Şurasının sədri və müdafiə naziri olmuş feldmarşal Tantavi 2011-ci ildə mərhum Prezident Hüsnü Mübarəkin hakimiyyətinin devrilməsindən sonra bir il müddətinə dövlətə rəhbərlik edib. O, 2012-ci ildə keçirilən parlament seçkilərindən sonra istefa verib.
Feldmarşal Tantavinin dəfni ilə əlaqədar hökumət komissiyası yaradılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə