DÜNYA
Misir Xarici İşlər Nazirliyi Qərb ölkələrindən ölkənin daxili işlərinə qarışmamağı tələb edir
Qahirə, 24 iyun (AZƏRTAC). Misirin Xarici İşlər Nazirliyi Qətərin “Əl Cəzirə” telekanalının əməkdaşlarına çıxarılan hökm barədə bir sıra ölkələrin fikirlərinə münasibətini bildirərək xarici dövlətləri bu ölkənin daxili işlərinə qarışmamağa çağırmışdır.
Yerli “Əl-Əhram” xəbərlər portalının yazdığına görə, Misir XİN belə bir bəyanatla bəzi Qərb ölkələrinin tənqidinə cavab olaraq çıxış etmişdir. Bəyanatda göstərilir ki, xarici ölkələrin yerli ədalət mühakiməsinin ünvanına tənqidləri yolverilməzdir, hər hansı xarici ölkədən gələn və Misirin ədalət mühakiməsinin müstəqilliyini və onun qərarlarının qərəzsizliyinmi şübhə altına qoyan hər hansı şərh rədd edilir.
Bəyanatda bildirilir ki, Misir hamı tərəfindən qəbul edilmiş diplomatik normalardan kənara çıxan ifadələrdən istifadə olunmasını yolverilməz sayır: “Zənn edirik ki, mövqelərin ifadə olunmasına belə yanaşmanın mənfi təsiri olacaqdır”.
XİN-in sənədində deyilir: “Daxili işlərə müdaxilə etmək yolverilməzdir, bütün misirlilərin hiddətini və qəzəbini doğurur”.
Xatırladaq ki, iyunun 23-də “Əl-Cəzirə” telekanalının yeddi əməkdaşı, o cümlədən Avstraliya və Kanada vətəndaşları 7 il həbs cəzasına məhkum edilmişlər. Qiyabi mühakimə olunan daha 11 müttəhim, o cümlədən iki britaniyalı və bir nəfər Niderland vətəndaşı 10 il həbs cəzası almışdır. Telekanalın reportyor və əməkdaşları Prezident Məhəmməd Mursi hakimiyyətdən uşaqlaşdırılandan sonra ölkədə inqilabi hadisələrin işıqlandırılması zamanı qeyri-dəqiq informasiyanın yayılmasında, reallığı əks etdirməyən təzadlı videosüjetlərin efirə buraxılmasında, hadisələrin xaricdə ölkənin nüfuzuna xələl gətirən şəkildə təqdim olunmasında, habelə “Müsəlman qardaşlar” ilə əməkdaşlıqda və təkcə informasiya dəstəyi ilə deyil, həm də avadanlıq və maliyyə vasitələri ilə terrorçulara yardım göstərməkdə təqsirləndirilirlər.
Asya Hacızadə
AZƏRTACın xüsusi müxbiri
Qahirə