SİYASƏT
Misirdə mübarək Ramazan ayı münasibətilə “Azərbaycan günü” keçirilmişdir
Qahirə, 10 avqust (AZƏRTAC). İslamın ən şəfqətli və müqəddəs Ramazan ayı münasibətilə Qahirədə “Azərbaycan günü” keçirilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Misirin ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə səfir Şahin Abdullayev və İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravi çıxış etmişlər.
Ş.Abdullayev Azərbaycanın müstəqillik tarixi, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və tənəzzülü barədə danışmışdır. Bundan əlavə, diplomat 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, belə bir çətin vəziyyətdə xalqımızın təkidi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və bununla da Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanması haqqında ətraflı məlumat vermişdir.
Səfir ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün bir çox uğurlara imza atdığını və sürətlə inkişaf etdiyini qeyd etmişdir.
Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını və hazırda inkişafına görə İslam dünyasının fəxr edə biləcəyi bir dövlət olduğunu vurğulayan S.Əlcəfəravi Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi məsələlərinə toxunmuşdur.
Azərbaycanın müstəqillik yolu və iqtisadi inkişaf modeli, qısa müddət ərzində əldə etdiyi iqtisadi və sosial nailiyyətlər, uğurlu sosial və təhsil siyasəti barədə ətraflı məlumatlar iştirakçıların xüsusi marağına səbəb olmuşdur. Ş.Abdullayev iştirakçıların müxtəlif suallarını cavablandırmış, keçid yolunu uğurla keçmiş Azərbaycanın inkişaf modeli təcrübəsi ilə bölüşmüşdür.
Tədbirdə Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın mədəniyyətini və incəsənətini əks etdirən əyani vasitələr, kitablar və jurnallar, xüsusilə nəfis tərtibatda və ərəb dilində çap edilmiş “İrs” jurnalı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.