DÜNYA
Misirdə parlament seçkilərinin tarixi qibti xristianların xahişi ilə aprelin 23-nə keçirilmişdir
Qahirə, 25 fevral (AZƏRTAC). Misirin Nümayəndələr Palatasına (aşağı palata) aprelin 27-nə nəzərdə tutulmuş parlament seçkilərinin başlanması tarixi aprelin 22-nə keçirilmişdir.
Misir Prezidentinin rəsmi saytında bildirilir ki, ölkə başçısı Məhəmməd Mursi qibti xristianların xahişi ilə bu il fevralın 23-də ölkə parlamentinə qarşıdan gələn seçkilərin vaxtının pravoslav xristianların Pasxa bayramı ilə əlaqədar dəyişdirilməsi haqqında fərman imzalamışdır. Fərmanda deyilir ki, səsvermə elan edilmiş vaxtdan bir həftə əvvəl keçiriləcəkdir.
Misir qanunvericiliyinə görə, parlament seçkilərində ümumi səsvermə dörd mərhələdə keçiriləcəkdir. Belə ki, səsvermənin birinci mərhələsi aprelin 22-23-də paytaxt Qahirədə və ölkənin Əl Buheyra, Port-Səid, Əl-Minya və Şimali Sinay əyalətlərində keçiriləcəkdir. Həmin əyalətlərdə təkrar səsvermə aprelin 29-30-na nəzərdə tutulmuşdur.
M.Mursinin yeni fərmanına görə, qalan üç mərhələnin vaxtı da bir qədər dəyişdirilmişdir: ikinci mərhələ mayın 11-12-də ölkənin səkkiz əyalətində, o cümlədən İsgəndəriyyə, Gizə, Asuan, Süveyş kimi iri əyalətlərdə keçiriləcəkdir. Həmin əyalətlərdə təkrar səsvermə mayın 19-20-nə nəzərdə tutulmuşdur.
Mayın 28-29-na, təkrarı iyunun 5-6-na nəzərdə tutulmuş üçüncü mərhələ də səkkiz əyalətdə keçiriləcəkdir. Sonuncu dördüncü mərhələ isə iyunun 15-16-da (təkrar iyunun 23-24-də) altı əyalətdə keçiriləcəkdir.
Yeni tərkibdə Nümayəndələr Palatasının birinci iclası əvvəl elan edildiyi kimi iyulun 6-da deyil, iyulun 2-də keçirilməlidir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə