MİSİRDƏ QƏDİM AVARİS ŞƏHƏRİ AŞKAR EDİLMİŞDİR
Bakı, 21 iyun (AZƏRTAC). İyunun 21-də Misirdə çıxan “Əl-Əhram” qəzeti xəbər vermişdir ki, Nil çayının şərq deltasında qazıntı işləri aparan Avstriya arxeoloqları eramızdan əvvəl XVII əsrdə Misirin bir hissəsini zəbt etmiş Asiyanın köçəri hiksoslarının qədim paytaxtının yerini aşkar etmişlər. Yerin altında qalan şəhərin adı Avarisdir.
Misirin qədim dövr işləri üzrə Ali Şurasının başçısı Zahi Həvasın sözlərinə görə, Qahirənin şimal-şərqindəki Tal-ad-Dabaa şəhəri rayonunda apardıqları geofiziki tədqiqatlar nəticəsində alimlər az tanınan Avaris şəhərinin sərhədlərini dəqiq müəyyənləşdirə bilmişlər. Əldə olunan təsvirlər yeraltı şəhəri, onun küçələrini, evlərini, limanı, Nil çayının şəhəri yarıb keçən qolunu, iki adanı, qəbristanlığı aydın görməyə və bu qədim məskənin sərhədlərini dəqiqləşdirməyə imkan verir.
Asiyanın köçəri hiksosları eramızdan əvvəl XVII əsrdə fironların XII sülaləsinin zəif hakimiyyəti dövründə Misirin şimalını zəbt edərək Nil çayının deltasında möhkəmlənmişlər. Hiksoslar burada 100 ildən çox hökmranlıq etmış, öz paytaxtları Avaris şəhərinin təməlini qoymuşlar. Eramızdan əvvəl təxminən 1550-cı ildə hiksosları darmadağın edən misirlilər onların qədim Misir ərazisində məskunlaşmasına dair bütün izləri məhv etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]