SİYASƏT
MİSİRİN QAHİRƏ VƏ İSKƏNDƏRİYYƏ ŞƏHƏRLƏRİNDƏ “XOCALIYA ƏDALƏT” KAMPANİYASININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Qahirə və İskəndəriyyə şəhərlərində bir sıra tədbir keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, İskəndəriyyə şəhərində keçirilən VII Beynəlxalq kitab sərgisi çərçivəsində fevralın 25-də faciənin ildönümü ilə bağlı Azərbaycan icmasının, “Vətən” tələbə təşkilatının, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə geniş ictimai aksiya keçirilmişdir. Sərgidə iştirak edən qonaqlara Xocalı faciəsi haqqında məlumat verilmiş, “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının təqdimat mərasimi keçirilmişdir. Bundan başqa, ərəb dilinə dublyaj olunmuş “Məhv edilmiş şəhər” filmi nümayiş etdirilmiş, Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyası təşkil edilmişdir. Sonda Heydər Əliyev Fondu tərəfindən faciə ilə bağlı hazırlanmış təbliğat materialları, səfirliyin xüsusi xəbər bülleteni, Misirdə fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin faciəyə həsr olunmuş xüsusi sayı sərgi iştirakçılarına paylanmışdır.
Beynəlxalq kitab sərgisinin ölkəmiz üçün ayrılmış hissəsində kitablar, bröşürlər, disklər, erməni təcavüzünü əks etdirən xəritələr və digər əyani vəsaitlər nümayiş olunmuşdur.
Fevralın 26-da səfirlikdə Misirin aparıcı mətbuat və ictimaiyyət nümayəndələrinin, Misir parlamentinin Misir-Azərbaycan dostluq qrupu üzvlərinin, Azərbaycan icmasının və bu ölkədə təhsil alan tələbələrimizin iştirakı ilə Xocalı faciəsinin ildönümü ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov Xocalı faciəsinin ildönümü ilə bağlı səfirliyin bəyanatını diqqətə çatdırmış, jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının təqdimatı keçirilmiş, ərəb dilində dublyaj olunmuş “Məhv edilmiş şəhər” filmi nümayiş etdirilmişdir.
Sonda Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyası aparılmışdır. Misirin Qahirə və İskəndəriyyə şəhərlərində keçirilmiş imzatoplama kampaniyası çərçivəsində, ümumilikdə 81 min imza toplanmışdır.