DÜNYA
Misirin sabiq prezidenti Məhəmməd Mursinin məhkəməsi təxirə salınmışdır
Bakı, 8 yanvar (AZƏRTAC). Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin yanvarın 8-nə təyin olunmuş məhkəməsi təxirə salınmışdır.
Ölkənin rəsmi KİV-lərinin yaydığı məlumata görə, məhkəmə iclasının keçirilməsinə hava şəraiti mane olmuşdur. Belə ki, Məhəmməd Mursinin İskəndəriyyə həbsxanasından məhkəmə iclasının keçirildiyi Qahirə polis akademiyasının binasına helikopterlə gətirilməsi nəzərdə tutulmuşdu. Buna isə uçuş üçün əlverişli olmayan hava şəraiti imkan verməmişdir.
Misirin sabiq prezidenti 2012-ci ildə dinc nümayişçilərə atəş acmaq əmri verməkdə ittiham olunur. Rəsmi məlumatlara əsasən, həmin vaxt 20 nəfərdən çox nümayişçi həlak olmuşdu. Həmçinin Mursi terror hadisələri törətmək məqsədi ilə Fələstinin “HƏMAS” və Livanın “Hizbullah” qruplaşmaları ilə sövdələşməkdə təqsirləndirilir.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, hazırda devrilmiş prezidentə qarşı xarici dövlətlərə casusluq etmək, dövlətə xəyanət və dövlət sirlərini yaymaq ittihamları ilə üçüncü məhkəmə prosesi açılmasına hazırlıq görülür.