DÜNYA
Misirin yeni müdafiə və hərbi sənaye naziri təyin olunmuşdur
Qahirə, 27 mart (AZƏRTAC). Təcrübəli hərbçi Sıdkı Sübhi Misir Ərəb Respublikasının müvəqqəti prezidenti Ədli Mənsurun fərmanı ilə bu ölkənin müdafiə və hərbi sənaye naziri təyin olunmuşdur. Prezidentin 26 mart tarixli başqa fərmanı ilə ona ordu general-polkovniki rütbəsi verilmişdir.
General-polkovnik Sıdkı Sübhi ölkənin müvəqqəti prezidenti qarşısında and içmişdir. S.Sübhi təyinatdan əvvəl Misir Baş Qərargahına başçılıq etmişdir. Bu arada Mahmud Xecazi baş qərargahın yeni rəisi təyin olunmuşdur. Ona general rütbəsi verilmişdir.
Qeyd edək ki, sabiq nazir, feldmarşal Abdülfəttah əs-Sisi Misir prezidenti seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsi ilə əlaqədar ölkə qanunvericiliyinə müvafiq olaraq martın 26-da istefa vermişdir.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Qahirə