CƏMİYYƏT
Mobil cihazların qeydiyyat sisteminin fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində mobil cihazların qeydiyyat sisteminin (MCQS) fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, mart 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunmağa başlanılmışdır. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra, sistem tam gücü ilə may ayının 1-dən fəaliyyətə başlayacaqdır. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaqdır.
Nazir müavini vurğulamışdır ki, yaradılacaq bu yeni sistem Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaqdır. Bu sistem vasitəsilə itirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında cihazdan respublika ərazisində istifadə dayandırılır və həmin cihaz artıq yararsız əşyaya çevrilir. Qeydiyyat sistemi istismara verildikdən sonra, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.
İ.Məmmədov bildirmişdir ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Qeydiyyat sistemi həmçinin, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.
Mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali qaynar xətdən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər. Yaradılacaq xüsusi internet səhifəsi www.imei.gov.az daxil olmaqla abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcədə əlavə məlumatlar əldə edə biləcəklər.