İQTİSADİYYAT
Mobil rabitə operatorları may ayından manat tarifinə keçəcəkdir
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycanın mobil rabitə operatorları may ayından kontur sistemini ləğv edərək, manat tarifinə keçəcəkdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparıcı mobil operator şirkətləri ilə kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçidə dair razılıq əldə etmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, mobil operatorlar manat tarifinin tətbiqinə mayın 1-dən başlayacaqdır. Abunəçilərin maraq və mənafeyini nəzərə alaraq danışıq qiymətlərində heç bir bahalaşma olmayacaqdır. Əksinə, bəzi endirimlər gözlənilir. Manat tarifi barədə aprelin sonunda istifadəçilərə operatorlar tərəfindən ətraflı məlumat veriləcəkdir.
Artıq Azərbaycanda bir neçə mobil rabitə operatoru manat tarifini tətbiq etmişdir. Bütün operatorların bu sistemə keçidi həm şəffaflığı, həm də müştərilərin rahatlığını təmin edəcəkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda aktiv mobil telefon abunəçilərinin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə 13,6 faiz artaraq 7,2 milyona çatmışdır.