İQTİSADİYYAT
Möhsün Pakayin: Azərbaycanla əlaqələrin inkişafında sıçrayış müşahidə ediləcək
Tehran, 31 avqust AZƏRTAC
İrana qarşı tətbiq edilmiş ədalətsiz sanksiyalar ləğv edildikdən sonra Azərbaycanla əlaqələrin inkişafında sıçrayış müşahidə ediləcək.
Bu sözləri yerli mətbuata müsahibə verən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Diplomat qeyd edib ki, İlk mərhələdə bizim əməkdaşlığımız bank sahəsində genişlənəcək. Bundan əlavə, Azərbaycan ilə turizm, nəqliyyat, ticarət və enerji sahələrində əlaqələrimizi genişləndirməyə hazırlaşırıq. Rəsmi Tehran Azərbaycandan olan investorlar üçün “Maku” və “Araz” azad iqtisadi məntəqələrində sərmayə yatırmalarından ötrü münasib şərait yarada bilərik. Eyni zamanda, İranın digər məntəqələrində, o sıradan Fars körfəzində və neftlə münbit olan digər məntəqələrdə Azərbaycandan olan investorlar üçün münasib şərait yarada bilərik.
Həmçinin iranlı investorlar da bu sahələrdə Azərbaycanda sərmayə yatıra bilərlər. Belə olan halda qarşılıqlı ticarət mübadilələrinin həcmi genişlənəcəkdir.
Səfir, həmçinin sentyabrda Bakıda İranın turizm şirkətinin nümayəndəliyinin açılacağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran