MOLDOVA PREZİDENTİ MOSKVADA SƏFƏRDƏDİR
Elə həmin gün Kremldə Rusiya Prezidenti Vladimir Putinin Vladimir Voroninlə görüşü olmuşdur. Görüşdə Rusiya-Moldova münasibətlərinin Dnestryanı bölgə ilə əlaqədar mühüm məqamları müzakirə edilmişdir. Rusiya dövlətinin başçısı bildirmişdir ki, ikitərəfli münasibətlər çərçivəsində regionun ən ağrılı problemindən - Dnestryanı münaqişənin həlli məsələsindən danışmaq imkanına şaddır. O vurğulamışdır ki, bu görüş barədə razılıq MDB-nin qeyri-formal zirvə görüşündə əldə olunmuşdur. Moldova Prezidenti də bu mərhələdə iki ölkə arasındakı münasibətləri və onların gələcək inkişafını müzakirə etmək imkanından məmnun qaldığını bildirmişdir.
Avqustun 7-də Rusya-Moldova münasibətləri perspektivlərini yerli KİV-lərə şərh edən RF XİN-nin rəsmi nümayəndəsi M.Kamınin bildirmişdir ki, bu ölkələri dostluq münasibətləri, səmimi rəğbət və hörmət, habelə ümumi mənəvi dəyərlər bağlayır. M.Kamınin xatırlatmışdır ki, Dnestryanı münaqişənin həlli dialoqun öncül mövzularından biri olaraq qalır.
Rusiya XİN-nin nümayəndəsi “Novosti” agentliyinə müsahibəsində demişdir: “Dnestryanı bölgə ətrafında gərginliyin artmasının birbaşa bizə aidiyyəti var - regionda on minlərlə həmvətənimiz, o cümlədən 80 min Rusiya vətəndaşı yaşayır. Bundan əlavə, Rusiya biznesinin böyük kooperasiya maraqları da var. Rusiya Dnestrin hər iki sahilində vətəndaş həmrəyliyinin və millətlərarası razılığın təminatına görə öz məsuliyyətini dərk edərək, təminatçı və vasitəçi ölkə kimi Dnestryanı bölgə ilə bağlı problemin hərtərəfli və qəti həllinə yönəldilmiş köməyini ancaq dinc vasitələrlə, Moldova Respublikası ilə Dnestryanı bölgə arasında danışıqlar yolu ilə davam etdirmək niyyətindədir”.