Moldovada ilk “ağıllı şəhər” tikiləcək
Kişineu, 20 avqust, AZƏRTAC
Kişineunun şimalında yerləşən Stavçenıda Moldovada ilk “ağıllı şəhər” tikiləcək.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, burada müasir ofislər, laboratoriyalar, universitet şəhərcikləri, konfrans mərkəzləri, əməkdaşlıq və innovasiyalar üçün infrastruktur yerləşəcək.
İqtisadiyyat naziri Doyna Nistor mətbuat konfransında milli əhəmiyyətli iqtisadi və texnoloji platforma olan Moldova HiTech Park layihəsini təqdim edib.
Səlahiyyətlilər texniki-iqtisadi əsaslandırma mərhələsini başa çatdırıblar. Daha sonra parkı idarə edəcək şirkət yaradacaqlar.
Moldova HiTech Parkının tikintisinə 2026-cı ildə Arena Chișinău yaxınlığında başlanması planlaşdırılır. Onun beş il davam edəcəyi təxmin edilir.
Avropa İttifaqının İnkişaf Planı çərçivəsində özəl sektorun və tərəfdaşların iştirakı ilə parkın tikintisinə 200 milyon avro cəlb edilməsi nəzərdə tutulub.
Proqnozlara görə, 2030-cu ildən, parkın tam istifadəyə verilməsindən sonra aparıcı: İT, mühəndislik, tibbi xidmətlər və tədqiqatlar, mikroelektronika və kreativ sənaye sahələrində 20 mindən çox yüksək maaşlı iş yeri yaradılacaq.
Layihədə enerjiyə qənaət edən binaların tikintisi, günəş panellərinin quraşdırılması, elektrik nəqliyyat vasitələrinin istifadəsi və geniş yaşıl zonalarının inkişafı nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu