DÜNYA
Moldovada Prezident seçkilərinin ikinci turu keçirilib
Kişineu, 14 noyabr, AZƏRTAC
Moldovada prezident seçkilərinin ikinci turunun ilkin yekunlarına görə Sosialistlər Partiyasının sədri İqor Dodon qalib gəlib. AZƏRTAC bu barədə Moldova KİV-lərinə istinadla xəbər verir.
İnauqurasiya mərasiminin tarixi hələlik müəyyən edilməyib: Moldova MSK seçkilərə qəti yekun vurandan sonra bu nəticələr ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməlidir. MSK noyabrın 14-də səslərin tam hesablanmasını başa çatdıracaq. Lakin artıq aydındır ki, Moldovanın beşinci prezidenti vəzifəsinə İqor Dodon seçilib.
Sosialistlərin lideri seçkilərin birinci turunda olduğu kimi, ikinci turda da Qaqauziyada şəksiz (99 faizdən çox) dəstək qazanıb. Bundan əlavə, o, Moldovanın şimal rayonlarının əksəriyyətində Mayya Sandunu xeyli qabaqlayıb.
İ.Dodon seçkilərin yekunlarına həsr edilmiş mətbuat konfransında ölkənin bütün sakinlərinin prezidenti olacağını vəd edib. O deyib: “Mənim əleyhimə səs verənlərin də hamısına hörmət edirəm. Mən bütün seçicilərin arzularını nəzərə alacağam və siz bunu hiss edəcəksiniz”.
İ.Dodon M.Sanduya təklif edib ki, “bundan sonra nələr olacağını” müzakirə etmək üçün görüşmək lazımdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu