ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Pakistanın elmi qurumu ilə əməkdaşlıq müqaviləsi bağlayıb
Bakı, 30 avqust, AZƏRTAC
Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin direktoru professor Kausar Maliki Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru akademik İradə Hüseynova ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində MBBİ ilə Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzi arasında akademik əməkdaşlıq proqramının yaradılması haqqında razılıq memorandumu imzalanıb.
Memorandum tədqiqat və təhsil proqramları üzrə informasiya mübadiləsini, qarşılıqlı maraq kəsb edən elmi sahələr üzrə ixtisasartırma proqramlarının, birgə elmi-tədqiqat layihələrinin və tədris proqramlarının həyata keçirilməsini, konfrans, seminar təşkilini və s. nəzərdə tutur. İmzalanan sənəd yeni elmi istiqamətlər üzrə və təhsil sahəsində institutun gənc kadrlarının hazırlanması üçün əhəmiyyət kəsb edir.