ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
Bakı, 22 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə AMEA-nın işçi qruplarının toplantısı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbir AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın sədrliyi ilə hibrid formatda keçirilib.
Toplantını açan akademik İradə Hüseynova yeni nəşrlə bağlı ardıcıl və məqsədyönlü fəaliyyətlərə 2019-cu ildə başlanıldığını bildirib, ötən dövrdə III nəşrin AMEA üzrə redaksiya heyəti, işçi qrupları, elmi müəssisələr və alimlər tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
İ.Hüseynova qeyd edib ki, 2021-ci ildə “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə Botanika İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu və Zoologiya İnstitutu tərəfindən tədqiqatlar təşkilatların mövzu planlarının icrası üçün ayrılmış büdcə vəsaitləri hesabına aparılıb.
Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevaya və Zoologiya İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov tədqiqatlardan alınmış nəticələri təqdim ediblər.
Məruzələrdən sonra müzakirələr aparılıb, gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər səsləndirilib. Akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Tofiq Məmmədov və Vaqif Novruzov, bioloqlar alimlər Səyyarə İbadullayeva, Elman İskəndər, Aydın Əsgərov, Elşad Əhmədov, Dilzarə Ağayeva, Naibə Mehdiyeva, Pərvanə Qaraxani, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, Natiq Allahverdiyev və başqaları məsələlərə öz münasibətlərini bildiriblər.
Müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra atılacaq addımların əhəmiyyətindən danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə daimi məsləhətləşmələrin keçiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.
Sonda müvafiq işçi qrupların toplantılarının mütəmadi keçirilməsi qərara alınıb.