REGİONLAR
Molla Pənah Vaqifin yaradıcılığı milli intibah poeziyasının ən gözəl nümunələrindəndir
Şamaxı, 4 mart, AZƏRTAC
Şamaxıda Molla Pənah Vaqifin 305 illiyi münasibətilə “Molla Pənah yaradıcılığı milli intibah poeziyasının ən gözəl nümunələrindəndir” adlı onlayn formatda regional tədbir keçirilib. Şamaxı rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı, Qəbələ, Ağsu, Qobustan və Şamaxı rayonlarının mərkəzi kitabxanalarının əməkdaşları və Şamaxı rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin oxucuları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Şamaxı rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Vurğulanıb ki, qədim mədəniyyət mərkəzimiz olan Şuşada Vaqifin məqbərəsinin yenidən bərpa edilməsi bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin bariz nümunəsidir. Sevindirici haldır ki, hər il Şuşada Vaqif poeziya günləri, “Xarıbülbül” festivalı keçiriləcək və dünya bunu seyr edəcək.
Tədbirdə İsmayıllı, Ağsu, Qobustan və Qəbələ mərkəzi kitabxanalarının əməkdaşları Nailə Həmzəyeva, Aygün Ömərova, Vüsalə Şıxiyeva və Aidə Əhmədova çıxış ediblər. Çıxışlarda M.P.Vaqif zirvəsinin yüksəkliyi, dahi şəxsiyyətin rəngarəng yaradıcılıq fəaliyyətinin milli ədəbiyyatımızda xüsusi iz qoyduğu vurğulanıb, şairin yaradıcılığının həmişə diqqət mərkəzində olduğu qeyd edilib.
Sonra şairin yaradıcılığından nümunələr səsləndirilib. Tədbir Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi və şanlı Qələbəmizin şüarına çevrilən “Qarabağ Azərbaycandır!” sözləri ilə yekunlaşıb.