MƏDƏNİYYƏT
Monrealda azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən teatr tamaşası göstərilmişdir
Bakı, 2 dekabr (AZƏRTAC). Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, kanadalı xanım İzabel Hüberin müəllifi olduğu azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən “Gülnarənin donu” (La robe de Gulnara) tamaşasının Monreal şəhərində nümayişi keçirilmişdir.
Tamaşa başlanmazdan əvvəl Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev tamaşaçılar qarşısında çıxış edərək, əsərin müəllifinə və tamaşanın səhnələşdirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirmişdir. Səfir dünyada və ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin vəziyyətinə diqqətin artırılması baxımından tamaşanın əhəmiyyətini vurğulamışdır.
Səfir, həmçinin Kanada ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına və bu məqsədlə müxtəlif layihələrin həyata keçirilməsinə töhfə verilməsinə səfirliyin hazır olduğunu xüsusilə qeyd etmişdir.
Səhnə əsəri tamaşaçıların ayaqüstə alqışları ilə yekunlaşmışdır. Tamaşadan sonra səfirlik tərəfindən ziyafət verilmişdir.
Tamaşa dekabrın 11-dək Monrealda bir daha göstəriləcəkdir. Səhnə əsərinin ölkənin Kvebek və digər əyalətlərində də nümayişi planlaşdırılır.
######