CƏMİYYƏT
Monteneqro, Bosniya, İtaliya və Yunanıstan mediası ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc ediblər
Bakı, 12 may, AZƏRTAC
Monteneqro, Bosniya, İtaliya və Yunanıstan mediasında görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş məqalələr yayımlanıb.
Diaspor Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İtaliyanın https://diplomatic-correspondent.blogspot.com xəbər portalında Azərbaycan-İtaliya Birliyinin, Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında isə "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
İtaliyalı jurnalist Karlo Marinonun qələmə aldığı məqalədə dahi şəxsiyyətin doğum gününün növbəti ildönümünün ölkəmizdə böyük qürurla və ehtiramla yad edildiyi bildirilib, onun ömür yolu barədə ətraflı məlumat verilib. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizə köklü və dinamik inkişaf gətirdiyi və mədəni dirçəliş dövrü kimi yaddaşlarda qaldığı vurğulanıb.
Monteneqronun və Bosniyanın xəbər portallarında da görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə məqalələr yayımlanıb.
Azərbaycan-Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalələrdə ölkəmizin inkişaf etməsi uğrunda yorulmadan mübarizə aparmış Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edildiyi vurğulanıb.
Məqalələrdə parlaq tarixi şəxsiyyət olan Heydər Əliyevin xalqımızın tələbi ilə vətənimizin ən çətin və taleyüklü dönəmində hakimiyyətə gəldiyi, ölkəmizi bir çox bəlalardan qurtararaq, onun dövlət müstəqilliyinin dönməzliyini təmin etdiyi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərdiyi nəzərə çatdırılıb.