İQTİSADİYYAT
“Moody’s” agentliyi “Bank Technique”in reytinqi üzrə proqnozunu artırmışdır
Bakı, 19 dekabr (AZƏRTAC). “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Bank Technique” ASC-nin yerli və xarici valyutada uzunmüddətli reytinqi üzrə proqnozunu “Sabit” səviyyəsinədək yüksəltmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, “Moody's” bankın reytinqini “Caa2” səviyyəsində saxlamışdır. Agentliyin hesabatında qeyd edilir ki, proqnozun müsbət yönümdə dəyişdirilməsi “Bank Technique”in maliyyə sabitliyini əks etdirir.
Bundan əlavə, “Moody’s” agentliyinin analitikləri bildirirlər ki, son 18 ay ərzində “Bank Technique” likvidlik səviyyəsini möhkəmləndirə bilmişdir. Bank likvid aktivlərini kifayət edən həcmdə (təxminən 20 faiz) saxlayır. Eyni zamanda, depozit portfelinin həcmi 19 faiz artmışdır. Bu, ümumi öhdəliklərin 58 faizinə bərabərdir.