İQTİSADİYYAT
Moskva Energetika İnstitutunda Azərbaycan üçün kadrlar hazırlanmasına dair razılaşma əldə olunmuşdur
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Moskva Energetika İnstitutu rektorunun vəzifəsini icra edən prorektor Nikolay Roqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında innovasiyaların, nüvə energetikasının inkişafı, kadr hazırlığı, birgə tematik konfransların keçirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə məlumat vermişdir. Nazir sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına lazımi şərait yaradıldığını vurğulamışdır.
Qeyd olunmuşdur ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla icra olunur və bu proqram çərçivəsində hər il 1500-dək tələbə dövlət vəsaiti hesabına dünyanın bir çox ölkəsinə təhsil almağa göndərilir. Görüşdə Moskva Energetika İnstitutunun da bu proqrama qoşulmaq imkanları nəzərdən keçirilmişdir.
Nikolay Roqalyov Azərbaycanda yüksək texnologiyaların inkişafını və təhsil sistemində ən son texnoloji üsulların tətbiqini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın fayda verəcəyinə əminliyini ifadə etmişdir.
Sonda bu ildən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva Energetika İnstitutunda kadrların hazırlanması ilə bağlı razılaşma əldə olunmuşdur.