CƏMİYYƏT
Moskva müftisi: Azərbaycan çox mühüm və gərəkli missiyanı yerinə yetirdi
Moskva, 2 iyun, AZƏRTAC
Uzun illərdir biz Heydər Əliyev Fondu ilə Moskva sakinləri üçün iftar təşkil edirik. “Ramazan çadırı” çox mühüm hadisədir. Biz burada müsəlman xalqlarının tarixi və mədəniyyəti haqqında danışırıq. Çadıra təkcə müsəlmanlar gəlmir. Cəmiyyətin birliyinə kömək edən bu meydan müasir dövrdə çox vacibdir.
Bu fikirləri Moskva Müsəlmanları Dini İdarəsinin sədri, Moskva müftisi İldar-Həzrət Alyautdinov AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
Müfti təəssüflə qeyd edib ki, müasir dünyada insanları çox şey ayırır. “Ramazan çadırı”nda mədəni proqrama baxaraq, bir süfrə arxasında əyləşərək, ünsiyyət quraraq biz bir-birimizi daha yaxşı başa düşürük”, - deyə Moskva müftisi qeyd edib.
O, dünya müsəlmanlarının birliyində İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən də danışıb. Bu oyunları çox mühüm hadisə adlandıran İldar-Həzrət Alyautdinov deyib: “Azərbaycan son dərəcə mühüm və gərəkli missiyanı yerinə yetirdi. Quran xeyirxah işlərdə bir-birimizlə yarışmağa çağırır. Ayələrdə deyilir: xeyirxah işlərdə bir-birinizi qabaqlamağa çalışın. İslam Həmrəyliyi Oyunları kimi maraqlı və faydalı layihələr çox vacibdir və Azərbaycan bu mənada digər dövlətlər üçün nümunədir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva