SİYASƏT
MOSKVADA DİNİ LİDERLƏRİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Moskvadakı “Danilovskaya” mehmanxanasında dini liderlərin görüşü olmuşdur. Dini icmaların BMT və digər beynəlxalq təşkilatlarla dialoqunun genişləndirilməsinə həsr edilmiş bu görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri, Smolensk və Kalininqrad mitropoliti Kirill, İsrailin baş ravvini Yona Metsger, Müsəlman Təşkilatlarının Ali Əlaqələndirmə Şurasının baş katibi və Ümumdünya İslam Liqasının baş katibinin şəxsi nümayəndəsi Məhəmməd Həyat, eləcə də Vatikanın nümayəndəsi iştirak etmişdir.
Görüş iştirakçıları dini liderlərin 2006-cı il iyulun 3-5-də Moskvada keçirilmiş Ümumdünya Sammitinin çağırışının həyata keçirilməsi üçün dini icmaların dünya birliyi təsisatları ilə əlaqələrin tənzimlənməsi üzrə addımlarını müzakirə etmişlər. Həmin mövzu bir qədər əvvəl BMT-nin baş katibi Pan Gi Munun və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Moskvaya səfəri zamanı müzakirə edilmişdi.
Mitropolit Kirillin giriş sözündən sonra şeyxülislam A.Paşazadə çıxış etmişdir. O qeyd etmişdir ki, BMT yanında Dinlər üzrə Məşvərət Şurasının (DMŞ) yaradılması dünyada baş verən hadisələrə müsbət təsir göstərə bilər, beynəlxalq mübahisələrin hərtərəfli ədalətli həllinə isə dinc vasitələrlə nail olmaq lazımdır. A.Paşazadənin sözlərinə görə, sülhməramlılıq din xadimlərinin BMT ilə əməkdaşlığının prioritet sahəsidir. O demişdir: “DMŞ dünya liderlərinin daxil olacağı daimi orqana çevrilə bilər. Biz dünyanın dini liderlərinin Bakıda keçiriləcək zirvə toplantısını səbirsizliklə gözləyirik”.
Görüşün yekunlarına əsasən dini icma nümayəndələrinin köməyi ilə həll edilə biləcək ümumbəşəri problemlərə ümumi münasibəti əks etdirən, eləcə də dini icmaların beynəlxalq təşkilatlarla işinin istiqamətləri və formaları barədə müddəaların təsbit olunduğu sənəd qəbul edilmişdir. Sənəddə, həmçinin xüsusi vurğulanır ki, bütün dinlər etiqadların qarışdırılmasını inkar edir, hər bir din ənənələri, öz baxışlarının bütövlüyünü qoruyub saxlamalıdır, dini etiqad mövzusunda hər hansı diskussiya isə təhqirlərsiz və bir-biri haqqında yanlış təsəvvürlər yaratmadan aparılmalıdır. Görüş iştirakçılarının yekdil fikrinə görə, dini icmalar və beynəlxalq təşkilatlar dünyada təhlükəsizliyin və sülhün təmin edilməsi, dini amil zəminində yaranmış münaqişələrin həll edilməsi, xüsusən də silahlı münaqişələr zamanı müqəddəs ziyarətgahların qorunması, dinlərin diffamasiyası problemləri, dini dözülməzlik, ksenofobiya təzahürləri və mənəvi-əxlaqi xarakterli başqa məsələlərin həlli sahəsində birgə çalışa bilərlər.
Görüş başa çatandan sonra ruhani liderlər jurnalistlərin suallarına cavab vermiş, aparılmış danışıqlardan çox razı qaldıqlarını bildirmişlər. Onların sözlərinə görə, bu görüşdə beynəlxalq təşkilatlarla əməkdaşlığın mühüm məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılmış, ruhani liderlərin Bakı Forumunun keçirilməsi ilə bağlı bəzi məsələlər də müzakirə edilmişdir. Mitropolit Kirill bildirmişdir ki, bütün dini liderlər şeyxülislam A.Paşazadənin həmin tədbir barədə təklifini razılıq hissi ilə qəbul etmişlər və bu ruzi-bərəkətli diyara məmnuniyyətlə gələcəklər. A.Paşazadə onu da əlavə etmişdir ki, Dinlər üzrə Məşvərət Şurasının yaradılmasına dair diskussiyaların yekunları onu qane edir. O demişdir: “Sevindirici haldır ki, Rusiya nümayəndəsi öz çıxışına Azərbaycanın bəzi tövsiyələrindən başladı. Əsas məsələlərdən biri DMŞ ilə YUNESKO arasında əməkdaşlıq idi. Biz bu təşkilata məktub göndərmişik, sıx əməkdaşlığın və Şuranın YUNESKO-nun nəzdində fəaliyyət göstərməsinin tərəfdarıyıq. Gələn ilin yanvar ayında Parisdə keçiriləcək məsləhətləşmələrdən sonra bu təşkilatın razılığını gözləyəcəyik”.