SİYASƏT
Moskvada Federasiya Şurasının sədri yanında İnteqrasiya klubunun iclası olmuşdur
Moskva, 19 iyun (AZƏRTAC). Moskvada Federasiya Şurasının sədri yanında İnteqrasiya klubunun “Postsovet məkanında inteqrasiya proseslərinin humanitar əsasları” mövzusunda iclası olmuşdur. Yuxarı palatanın sədri Valentina Matviyenko tərəfindən keçirilmiş iclasın iştirakçıları - MDB-nin bir sıra ölkələrinin səfirləri, mədəniyyət və incəsənət xadimləri, Rusiyanın və MDB ölkələrinin dövlət və ictimai təşkilatlarının rəhbərləri postsovet məkanında inteqrasiya proseslərinin humanitar əsaslarını müzakirə etmişlər.
V.Matviyenko iclası açaraq demişdir: “Müstəqil Dövlətlər Birliyinin “humanitar ölçüsü”, onun mədəni həyatı XXI əsrdə ölkələrin və xalqların qarşılıqlı fəaliyyətinin real və güclü birləşdirici amilidir. Onun sözlərinə görə, Birliyin inkişafının müasir mərhələsində humanitar əməkdaşlığın ən mühüm problemləri sırasına postsovet məkanında vahid təhsil sisteminin, bu sahədə qarşılıqlı məhsuldar fəaliyyətin formalaşdırılması məsələləri aiddir. Federasiya Şurasının sədri millətlərarası münasibətlərdə rus dilinin rolunun möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirmişdir. Onun fikrincə, xaricdə Rusiyanın elm və mədəniyyət mərkəzlərinin sayını daha da artırmaq, gənclərin motivasiyasını və rus dilini öyrənmək, rus dilində ədəbiyyat oxumaq səyini gücləndirmək lazımdır.
V.Matviyenko mədəni əməkdaşlıq sahəsində birgə layihələrin böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş və bildirmişdir ki, bu layihələr Birliyin ümumi humanitar məkanının möhkəmlənməsinə çox böyük kömək göstərir.
Azərbaycanın Rusiyadakı səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu çıxışında MDB DHƏF-in fəaliyyətindən və Birlik ölkələrinin daha sıx inteqrasiyasına yönəldilmiş layihələrdən danışmışdır. Diplomat qeyd etmişdir ki, gənclərin postsovet məkanında inteqrasiya proseslərinə cəlb edilməsi vacibdir.
İclasın işində RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, REA Rəyasət Heyətinin üzvü Yevgeni Primakov, MDB işləri üzrə Federal agentliyin rəhbəri Konstantin Kosaçev, Dövlət Dumasının federativ quruculuq və yerli özünüidarə məsələləri komitəsi sədrinin müavini Ramazan Abdulatipov, Rusiya ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva