SİYASƏT
Moskvada keçirilən Qiymətləndiricilərin Ümumrusiya Qurultayında Azərbaycan nümayəndələri də iştirak edirlər
Moskva, 15 mart (AZƏRTAC). Moskvada Qiymətləndiricilərin I Ümumrusiya Qurultayı işə başlamışdır. Qurultayda MDB dövlətlərinin nümayəndələri iştirak edirlər. Ölkəmizi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, deputat Xanhüseyn Kazımlı təmsil edir.
İki gün davam edəcək qurultay çərçivəsində iştirakçılar qiymətləndirmə sahəsində bir sıra mühüm məsələləri müzakirə edəcəklər. Qurultayın gündəliyinə daxil edilmiş məsələlərdən biri də Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən maddi və mənəvi ziyan barədə qurultay iştirakçılarına məlumat verilməsidir. Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olan bu məsələ, əvvəllər də konfranslarda müzakirə olunmuşdur.
Qurultayda “Dünya anaları işgüzar əməkdaşlığa “hə”, münaqişəyə, müharibəyə, terrora isə “yox” deyir” mövzunda çıxışında deputat Xanhüseyn Kazımlı bildirmişdir ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalına məruz qalması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsi diqqətə çatdırılmışdır. X.Kazımlı vurğulamışdır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itkilərin beynəlxalq qiymətləndirmə standartları əsasında qiymətləndirilməsi və təcavüzkardan təzminatların tələb edilməsi olduqca vacib məsələdir.
Daha sonra 2012-ci ildə Almatıda Avrasiya qiymətləndiricilərinin Azərbaycan tərəfinə həvalə etdiyi və ölkəmizin hazırladığı layihə qəbul edilmişdir. Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İqor Artyomenkov da Azərbaycanın təqdim etdiyi layihələrin uğurla qarşılandığını və əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini söyləmişdir.
Tədbirdə Ümumrusiya Qiymətləndiricilər Qurultayının hər il keçirilməsi qərara alınmış və Avrasiya Qiymətləndiricilər Assosiasiyasının növbəti konqresinin 2013-cü ilin iyun ayında Bakıda keçirilməsi təklif olunmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva