SİYASƏT
MOSKVADA MDB-NİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR
Bakı, 7 yanvar (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin məlumatına görə, martın 26-da Moskvada Birliyin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
Şuranın son iclası 2009-cu il oktyabrın 8-də Kişinyovda keçirilmişdir. MDB-nin üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri bir sıra problemləri, o cümlədən 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsi məsələsini müzakirə etmişlər.
İclasda 20-dək məsələ, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi, miqrasiya siyasəti, humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələri müzakirə olunmuşdur.
Bundan əlavə, MDB Dövlət və Hökumət Başçıları şuralarının növbəti iclaslarının keçirilməsi ilə əlaqədar məsələlərə də baxılmışdır.