MOSKVADA RUSİYA MODA HƏFTƏSİ BAŞLANMIŞDIR
Moskva, 20 oktyabr (AZƏRTAC). Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyi bazasında yaradılmış birinci Rusiya Moda Muzeyində moda həftəsinə start verilmişdir. Açılış mərasimində muzeyin direktoru Marqarita Barjanova RF Hökuməti sədrinin müavini Aleksandr Jukovun təbrik məktubunu oxumuşdur. Açılış mərasimində iştirak edən Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev bildirmişdir ki, belə muzeylər dünyanın bir çox paytaxtlarında vardır. İnsanlar moda muzeylərinə milli geyimin tarixini öyrənmək, dəbin necə yarandığına və inkişaf etdiyinə tamaşa etmək üçün gəlirlər.
Rusiya moda həftəsi tanınmış kuturye Vyaçeslav Zaytsevin “Baxmayaraq ki!” adlı yeni “Bahar-Yay-2010” kolleksiyasının nümayişi ilə başlanmışdır. Dizaynerin sözlərinə görə, onun kolleksiyası, əsasən yerli parçalardan hazırlanmışdır. Moda həftəsində bu il öz yaradıcılıqlarını Milanda nümayiş etdirmiş yerli dizaynerlərin kolleksiyalarına geniş yer veriləcəkdir. Məsələn, Yelena Karnauxovanın “Havadanasılılar” kolleksiyasının bir hissəsi Milanda nümayiş etdirilmişdir. Adından göründüyü kimi, kolleksiyada, əsasən, səma rənglərindən istifadə olunmuşdur. Həftə çərçivəsində təşkil olunacaq ənənəvi İtaliya günündə bu ölkənin Milli Moda Palatasının, demək olar, bütün tərkibi təmsil olunacaqdır. Proqramda Malayziyanın ən yaxşı dizaynerlərindən biri sayılan Sonni Sanın iştirakı, top-model və aktrisa Erin Uossonun(ABŞ) kolleksiyasının nümayişi gözlənilir. Dizayner Biryukov öz kolleksiyasını böyük alman xoreoqrafı Pine Bauşa həsr etmişdir. Xəyyam Xanukayevin kolleksiyasının nümayişində 2009-cu ilin Moskva gözəli Yuliya Obraztsova iştirak edəcəkdir.
Cəmi 58 kolleksiyanın nümayiş etdiriləcəyi Rusiya moda həftəsi oktyabrın 23-də başa çatacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva