MƏDƏNİYYƏT
Moskvada yazıçı-jurnalist Fərhad Ağamalıyevin xatirə gecəsi keçirilib
Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində yazıçı-jurnalist Fərhad Ağamalıyevin (1946-2012) xatirə gecəsi və “Dalğaların tərs üzü” adlı sonuncu kitabının təqdimat mərasimi keçirilib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) müşaviri Manaf Ağayev xatirə gecəsini açaraq, Fərhad Ağamalıyevin həyat və fəaliyyəti barədə danışıb. Qeyd edilib ki, F.Ağamalıyev Bakıda anadan olub, 1979-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Onun ssenariləri əsasında bir neçə bədii və sənədli film çəkilib. F.Ağamalıyev 1993-2003-cü illərdə Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat attaşesi, sonra səfirliyin birinci katibi vəzifəsində çalışıb. Son illərdə o, “Baku” jurnalı ilə əməkdaşlıq edirdi, bu jurnalda “Bakinstvo” rubrikasının təsisçisi və aparıcısı idi. Müəllif çox cəhətdən real hadisələrə əsaslanan “Dalğaların tərs üzü” romanı üzərində bir neçə il işləyib.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev F.Ağamalıyevin sonuncu romanının nəşrində əməyi olmuş insanlara təşəkkürünü bildirib.
Azərbaycanın Rusiyadakı səfirliliyini humanitar məsələlər üzrə müşaviri Nigar Axundova tanınmış yazıçı-jurnalist F.Ağamalıyevin xatirəsinin ehtiramla yad edilməsinə görə səfir Polad Bülbüloğlunun təşəkkürünü çatdırıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimaiyyət və KİV ilə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova F.Ağamalıyev ilə birgə işlədiyi illər barədə xatirələrini söyləyib. O deyib: “Onun Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətində işi barədə ayrıca danışmaq istəyirəm. Bu, sadəcə iş deyil, respublikaya xidmət nümunəsi idi. O, mətbuat xidmətinin işinə o qədər yüksək məsuliyyətlə yanaşırdı, bu işi o qədər yüksək icraçılıq səviyyəsinə çatdırmışdı ki, bunu Fərhad Ağamalıyevin məxsusi dəst-xətti adlandırmaq olar”.
T.Əhmədova xatırlayıb ki, sonralar, F.Ağamalıyevin “Baku” jurnalı ilə əməkdaşlıq etdiyi illərdə oxucular “Bakinstvo” rubrikasında jurnalistin “Bakinskiye daçi”, “Qolubyatnik”, “Bakinskiy bulvar” və başqa esselərini maraqla gözləyirdilər.
Təqdimat mərasimində çıxış edənlər - şairə Alla Axundova, Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev, şair İlham Bədəlbəyli və başqaları səmimi dost, öz işinin peşəkarı və Azərbaycanın vətənpərvər oğlu Fərhad Ağamalıyev haqqında xatirələrini bölüşüblər.
Jurnalistin həyat yoldaşı Yelena Şişova F.Ağamalıyevin xatirəsinə göstərilən diqqətə görə ailəsi adından Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, ÜAK-a və bütün dostlara təşəkkürünü bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva