DÜNYA
Mosulda girov götürülən Türkiyə diplomatlarının azad olunması üçün tədbirlər görülür
İstanbul, 12 iyun (AZƏRTAC). “İraq - Şam İslam Dövləti” (“İŞİD”) adı ilə fəaliyyət göstərən terrorçu qrup tərəfindən girov götürülmüş Türkiyənin Mosuldakı baş konsulluğunun əməkdaşlarının azad olunması istiqamətində tədbirlər davam etdirilir. İyunun 11-də axşam saatlarında Prezident Abdullah Gül Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hökumətin güc strukturlarının rəhbərləri ilə müşavirə keçirmişdir.
Rəsmi məlumata görə, Türkiyə tərəfi yaranmış vəziyyətin aradan qaldırılmasına dair müzakirələrin keçirilməsi üçün NATO və BMT Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsi ilə bağlı aidiyyəti qaydada bu təşkilatlara müraciət etmişdir. Artıq hər iki təşkilat Mosulda baş verənləri pisləyən bəyanatla çıxış etmişdir.
Girovların azad edilməsi və baş verən proseslərlə bağlı qəbul olunacaq qərarlar Türkiyə Böyük Millət Məclisinin (TBMM) komissiyalarında da əsas müzakirə mövzusu olmuşdur. Ədalət və İnkişaf Partiyasından deputatlar mətbuata açıqlamalarında bildirmişlər ki, hökumət ən qısa zamanda TBMM-i məlumatlandıracaqdır. Xarici işlər naziri Əhməd Davudoğlunun baş verənləri müxalifət liderləri ilə də müzakirə edəcəyi bildirilir.
Ən son məlumatlara görə, Türkiyə nümayəndələri ilə “İŞİD” terrorçu qrupun rəhbərləri arasında rabitə əlaqəsi yaradılmışdır.
Yerli ekspertlər basqının nə üçün məhz Türkiyənin diplomatik nümayəndəliyinə qarşı törədilməsi ilə bağlı müxtəlif mülahizələr irəli sürürlər. Əksəriyyətin qənaəti belədir ki, baş verənlər Türkiyəyə qarşı aşkar təxribatdır.
“İŞİD” terrorçuları tərəfindən girov saxlanılan baş konsul da daxil olmaqla 49 nəfər diplomatla bağlı silahlıların mövqeyi, onların danışıqlarda hansı şərtlər irəli sürməsi, o cümlədən girovların vəziyyəti barədə məlumat verilmir. Bundan başqa, Mosuldakı baş konsulluğa hücumdan bir az əvvəl şəhərin yaxınlığında əksəriyyəti sürücü olan girov götürülmüş 31 nəfər Türkiyə vətəndaşının da “İŞİD” terrorçuları tərəfindən saxlanıldığı bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul