MƏDƏNİYYƏT
Mötəbər qurumların rəhbərləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək
Bakı, 21 aprel, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nassir Abdulaziz al-Nasser, İslam Əməkdaşlıq Təşkilatı baş katibi Yousef bin Ahmed Al-Othaimeen və Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər.
Mayın 4-6-da UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq əlaqələrin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü təşkil ediləcək. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.
Forumun hər iki ildən bir keçirilməsi və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı ölkə başçısı 2011-ci il mayın 27-də Fərman imzalamışdır.