MOTSARTA REKVİYEM
AZƏRTAC xəbər verir ki, Moskvanın “MK-Bulvar” qəzeti tarixi kəşf iddiasında olmasa da, daha məntiqi görünən beş ehtimalı seçmişdir.
BİRİNCİ EHTİMAL
MOTSARTI SALYERİ ZƏHƏRLƏMİŞDİR
Salyerinin təqsiri barədə ehtimal onun ölümündən bir qədər əvvəl irəli sürülmüşdür. Deyilənlərə görə, bunu Salyeridən tövbə qəbul edən keşiş bilirdi. Saray bəstəkarı tövbə etmişdir ki, Motsartın ölümündə təqsirkardır. Kilsə kitabında isə müvafiq qeyd edilmişdir. Bundan azacıq sonra Salyerinin qızları – onlar yeddi nəfər idi – atasını dəlixanaya qoymuşlar. Salyerinin qohumları və dostları onun etirafının camaat arasında yayılmaması üçün mümkün olan bütün işləri görsələr də, lakin istədiklərinə nail ola bilməmişlər. Salyerinin etirafı XIX əsrin 30-cu illərində bir növ dəb halını alaraq qeybətə çevrilmişdir. Bu qeybət böyük rus şairi Aleksandr Puşkini “Motsart və Salyeri” əsərini yazmağa ruhlandırmışdır.
İKİNCİ EHTİMAL
MOTSART HƏKİMİN SƏHVİNİN GÜDAZINA GETMİŞDİR
Motsart ölümündən beş gün əvvəl qızdırmadan əziyyət çəkmişdir. Müalicə üçün bəstəkara buz qoymuşlar. Bundan sonra o, koma (huşsuzluq) vəziyyətinə düşmüş və canını tapşıranadək özünə gəlməmişdi. Belə ehtimal da var ki, Motsart zöhrəvi xəstəliyə tutulmuşdu və dava-dərman kimi civə qəbul edirdi. Bu da onu tədricən öldürürdü. Çox güman ki, bu, uydurmadır.
ÜÇÜNCÜ EHTİMAL
MOTSARTI ARVADI ÖLDÜRTMÜŞDÜR
Motsartın arvadı Konstantsa altı uşaq doğmuş, onların dördü ölmüşdü. Bəstəkarın sonuncu övladı onun vəfatından yarım il əvvəl – 1791-ci il iyulun 26-da dünyaya gəlmişdi. Konstantsa onu Vyana yaxınlığında, Badendə doğmuşdu. Motsartın şagirdi Frants Ksaver Züsmayer doğum zamanı Konstantsanın yanında olmuşdur. Motsartın oğluna da Frants Ksaver adı vermişdilər. Adların uyğunluğu Qərbin bir çox müasir tədqiqatçılarına öz ehtimalları üçün əsas olmuşdur. Motsart arvadının xəyanətindən xəbər tutsaydı, Konstantsa dilənçilik edəcəkdi. Qatilin məhz Frants Züsmayer olduğunu söyləyirlər. “Rekviyem”i Motsartın əvəzinə məhz Züsmayerin tamamladığını uzun illər heç kim bilmədi.
DÖRDÜNCÜ EHTİMAL
MOTSARTI ŞAGİRDİNİN ƏRİ ÖLDÜRMÜŞDÜR
Motsart musiqi müəllimi idi – kübar xanımlara belə bir formul üzrə dərs verirdi: ərlər dərslərin haqqını ödəyir, arvadları isə oxuyurlar. Qərb tarixçilərinin fərziyyələrindən birinə görə, Motsart şagirdlərindən birini - hüquqşünas Hofdemelin arvadı Mariya Maqdalenanı tovlayıb yoldan çıxarmışdı. Bundan xəbər tutan ər ağır xəstə yatan Motsartın evinə gələrək onu döymüş, nəticədə bəstəkar ciddi zədə alaraq ölmüşdür.
BEŞİNCİ EHTİMAL
MOTSART MASONLARIN QURBANI OLMUŞDUR
Motsartın müasirlərinin fikrincə, “Sehrli fleyta” nağıl-operasında Qədim Misir müdrikliyinin sirlərini mənimsəyən masonluqla xristianlığın qarşıdurmasının tarixi şifrlə yazılmışdır. Operanın sifarişçisi, varlı aktyor Şikaneder, guya, masonların ideya sifarişini yerinə yetirmişdir. Bir sıra tədqiqatçıların iddiasına görə, Motsart öz operasında masonların gizli mərasimini təsvir etmiş və bununla da onların qəzəbinə düçar olmuşdur. Müqəddəs sirləri açmaqda təqsirkar olanları ölüm cəzası gözləyirdi.