SİYASƏT
MÖVLUD ÇAVUŞOĞLU: AŞPA DONDURULMUŞ MÜNAQİŞƏLƏRİN HƏLLİ ÜÇÜN BÜTÜN İMKANLARDAN İSTİFADƏ EDƏCƏKDİR
Strasburq, 25 yanvar (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş sədri Mövlud Çavuşoğlu jurnalistlərlə ilk görüşünü keçirmişdir. Moskva radiosu müxbirinin dondurulmuş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində AŞPA-nın gələcəkdə hansı tədbirlər görəcəyi ilə bağlı sualının cavabında M.Çavuşoğlu bildirmişdir ki, Avropa Şurası jarqonunda dondurulmuş münaqişə adlandırılan Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox önəmlidir. Bu, həllini gözləyən bir məsələdir. ATƏT-in Minsk qrupu, həmsədr ölkələr, eləcə də son dövrlər İsveçrə bu münaqişənin həllində səylərini davam etdirirlər. Əldə ediləcək razılıq ikitərəfli olmalıdır. Türkiyə ilə Ermənistan arasındakı razılaşma da regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəkdir. AŞPA bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün imkanlardan istifadə edəcəkdir. Müharibə qitənin problemləri üçün həll yolu deyildir.
Sədr daha sonra digər suallara cavab vermişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq