MƏDƏNİYYƏT
Mstislav Rostropoviçin xatirəsi anılıb
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da L. və M.Rostropoviçlərin ev-muzeyində “M.Rostropoviç” adlı xatirə gecəsi keçirilib. Gecədə Beynəlxalq Mstislav Rostropoviç Festivalının tarixinə, bu illər ərzində muzeydə maestroya həsr edilmiş anım günlərinə, ithaf konsertlərinə nəzər salınıb. Tədbirin mötəbər qonağı qismində Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç və fondun ictimaiyyətlə əlaqələr üzrə bədii rəhbəri Yuliya İvanova, muzeyin mətbuat rəhbəri Aleksandr Qayduk, yaradıcılıq məsələləri üzrə bədii rəhbəri Eliso Maysuradze və başqaları iştirak ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti maestroya ithaf olunmuş konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Əməkdar Artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələr laureatı Səidə Tağızadə, Orxan Hüseynov, Murad İbrahimov, BMA-nın tələbələrindən ibarət kvartet tərəfindən dünya bəstəkarlarının əsərləri ifa edilib.
Tədbirdə, həmçinin M.Rostropoviçsiz keçən 10 il ərzində təşkil olunan tədbirlərin xronikasından fraqmentlər, muzeyin fəaliyyətinə həsr olunmuş, zəngin fondundan seçilmiş şəkillərdən ibarət maraqlı slayd nümayiş olunub. Bakıda keçirilən Beynəlxalq Mstislav Rostropoviç festivallarını əks etdirən vitrindən ibarət sərgi də qonaqların marağına səbəb olub.
Sonda M.Rostropoviç Fondunun nümayəndəsi ev-muzeyinin direktoru Şeyla Heydərovaya maestronun xatirəsini uca tutuğuna görə dərin minnətdarlığını bildirib.