İQTİSADİYYAT
M.Topolanek: “Cənub dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi üçün hər bir dövlətə fərdi yanaşma strategiyasını işə salmaq lazımdır
Bakı, 18 aprel (AZƏRTAC). “Nabukko” qaz xəttinin həyata keçirilməsinin birinci mərhələsi üçün Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən və Türkmənistan yataqlarında hasil ediləcək kifayət qədər qaz vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiya Respublikasının keçmiş Baş naziri Mirek Topolanek aprelin 18-də Bakıda keçirilən V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında demişdir.
M.Topolanek bildirmişdir ki, “Cənub dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi üçün Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək, eləcə də hər bir dövlətə fərdi yanaşma strategiyasını işə salmaq lazımdır. “Cənub dəhlizi” layihəsinin reallaşdırılması ilə həm enerji ixracının mənbə və marştutları şaxələndiriləcək, həm də bu, Avropanın enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün əhəmiyyətli layihələrdən biri olacaqdır.