ELM VƏ TƏHSİL
“Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət İdarəçilik Akademiyasının (DİA) Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu yerli icra hakimiyyətlərinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, aparıcı şöbələrin müdirləri və mövzuya aidiyyəti olan digər əməkdaşları üçün növbəti onlayn təlim keçirib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış edib.
Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirmənin həyata keçirilməsi metodları və nəticələrin hesablanmasının yeni düstur formaları izah olunub. Həmçinin qiymətləndirmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə slaydlarla müşayiət olunan geniş təqdimat edilib. Diqqətə çatdırılıb ki, yeni dəyişikliklərin əsas məqsədi dövlət qulluqçusunun fəaliyyətinə yeni innovativ metodlarla nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, peşəkarlığının artırılmasıdır. Eyni zamanda, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Təlimdə 130-dan çox inzibati vəzifə daşıyan dövlət qulluqçusu iştirak edib. Təlimin sonunda dosent Rəcəb Rəhimli dövlət qulluqçularını maraqlandıran sualları cavablandırıb və praktik tövsiyələr verib. Təlim diskussiya şəklində keçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il 24 noyabr tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanıb. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Onlayn təlim məhz bu dəyişikliklərin izahı, həyata keçirilməsinin metodları və s. izahı üçün nəzərdə tutulub.