DÜNYA
Müasir fizika alt-üst olur
Bakı, 24 sentyabr (AZƏRTAC). Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) əməkdaşları bəyan etmişlər ki, subatom hissəciklər olan neytronlar işıq sürətindən də iti sürətlə hərəkət edə bilirlər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yeni kəşf Albert Eynşteynin nisbilik nəzəriyyəsini alt-üst edir. Halbuki müasir fizika artıq 150 ildir ki, məhz bu nəzəriyyəyə əsaslanır.
SERN fiziklərinin dediklərinə görə, neytronun hərəkət sürəti 299 792 000 km/saatı 60 nanosaniyə üstələmişdir. Hesablamalar zamanı yanlışlıq cəmi 10 nanosaniyə olmuşdur. Bu isə müasir fizikanın əsas qanununun darmadağın olması deməkdir.
Üç ildən bəri davam edən eksperiment zamanı işıq sürətinin Kainatda maksimal sürət olması barədə deyilənlərin yalan olduğu aşkarlanmışdır. CERN-dən İtaliyanın Qran-Sasso şəhərindəki yeraltı laboratoriyaya buraxılmış neytronlar 732 kilometrlik məsafəni işıq sürətindən 60 nanosaniyə tez qət etmişlər.
Araşdırma qrupunun rəhbəri Antonio Eriditatonun dediyinə görə, eksperimenti CERN çərçivəsində neytrino ossilyasiyalarının araşdırılması layihəsində (Oscillation Project with Emulsion-Tracking Apparatus, OPERA) çalışan alimlər aparmışlar. Fiziklər İsveçrədən İtaliyaya myuon tipli neytronları 15 min dəfə yollamışlar.
Fizikada indiyədək bərqərar olmuş əsas qanunları və təsəvvürləri alt-üst edən kəşfin müəlliflərinin dediklərinə görə, onlar belə fantastik nəticələrə o qədər də inanmırlar və dünyadakı bütün həmkarlarını hesablamaları yoxlamağa çağırmışlar. Lakin hesablamalar dəfələrlə yoxlanılmış və məlum olmuşdur ki, CERN əməkdaşları səhv etməmişlər.
Alimlərin dediklərinə görə, yeni kəşf Kainat barədə təsəvvürləri də tamamilə dəyişə bilər.
Hazırda Yaponiyadakı T2K və Çikaqodakı MİNOS laboratoriyaları hesablamaları yoxlamağa başlamışlar.