Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜASİR MƏDƏNİYYƏTİN GÖRKƏMLİ XADİMİ, ZƏMANƏMİZİN MƏŞHUR MÜĞƏNNİSİ VƏ BƏSTƏKARI MÜSLÜM MAQOMAYEVİN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY MƏRASİMİ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Sentyabrın 7-də “Respublika” sarayında müasir mədəniyyətin görkəmli xadimi, zəmanəmizin məşhur müğənnisi və bəstəkarı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 60 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Mərasim yubilyarın, SSRİ xalq artisti Müslüm Maqomayevin ölməz mahnısı, onun yaradıcılığının həqiqətən zirvəsi sayılan “Azərbaycan” mahnısının sədaları altında açıldı.

Salona toplaşanların hərarətli alqışları altında səhnəyə çıxan MÜSLÜM MAQOMAYEV dedi:

- Hörmətli Prezident, əziz Heydər Əlirza oğlu!

Hörmətli xanımlar və cənablar! Əziz dostlar!

İndi keçirdiyim hissləri ifadə etməyə söz tapmaqda çətinlik çəkirəm. Hər halda, mən yubileyin keçiriləcəyinə şübhə etmirdim, amma, sözün düzü, belə yüksək səviyyədə olacağını gözləmirdim. Buna görə Heydər Əlirza oğluna təşəkkür edirəm. Bilirdim ki, o, mənə yaxşı münasibət bəsləyir, lakin onun məni belə sevdiyini bilmirdim. Sağ olun.

Əziz dostlar, siz də sağ olun ki, təşrif gətirmisiniz. Diqqətinizə görə sağ olun. Mənə bir az soyuq dəyib, ona görə də bu dəfə oxuya bilməyəcəyəm. Ancaq mənə xoşdur ki, bu gün məni artist dostlarım - artistlər dəstəkləyəcəklər. Buna görə onlara bəri başdan çox-çox minnətdaram. Sizin hamınıza çox sağ olun deyirəm. Qoy, sizin bütün məhrəm arzu və niyyətləriniz həyata keçsin! Xoşbəxt olun, əziz dostlar!

Sonra Müslüm Maqomayevin həyat və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən kinokadrlar, ailə fotoşəkilləri, o cümlədən babası, görkəmli bəstəkarı, Azərbaycan professional musiqisinin banilərindən biri Müslüm Maqomayevin şəkilləri, yubilyarın Azərbaycan Prezidenti Heydər Əliyev ilə birlikdə çəkdirdiyi şəkillər nümayiş etdirildi.

Yubilyarı təbrik etmək üçün Ukraynadan gəlmiş qonaqlar - Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, akademik Dmitri Qnatyuk, SSRİ xalq artisti, Kiyev Opera və Balet Teatrının solisti Mariya Stefyuk və Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vladimir Svetun səhnəyə çıxdılar.

SSRİ xalq artisti DMİTRİ QNATYUK dedi:

- Cox hörmətli cənab Prezident!

- Hörmətli tamaşaçılar!

- Əziz cavan dostum!

Ukraynadan, sənin sənətinin çoxmilyonlu pərəstişkarları adından gətirdiyim ən səmimi təbrikləri və xoş arzuları bu gün bu səhnədən sənə çatdırdığıma görə çox xoşbəxtəm.

Müslüm Maqomayev heç vaxt dil səddi ilə üzləşməyən müğənnilərdəndir. O, səhnəyə çıxır və oxuyur, o, səhnədə sanki başqa aləmə düşür və mahnını sehrli bir obraza çevirir. Bu, ən başlıcasıdır və o, bu mənada böyük ustad - mədəniyyət ustasıdır. Mən fəxr edirəm ki, biz tez-tez görüşürdük və konsertlərdə, digər tədbirlərdə birlikdə olurduq. Mən burada, Azərbaycan adlanan bu gözəl məmləkətdə böyük dostlarım olduğuna, istedadlı artistlərlə, o cümlədən Müslüm Maqomayev kimi məşhur müğənni ilə tanış olduğuma görə fəxr edirəm.

Əziz dostum, sənə ən xoş arzularımı çatdırmaq istəyirəm. Sənə həmişə cavan qalmağı arzulayıram. İstəyirəm ki, sən daim oxuyasan və qocalıq nə olduğunu bilməyəsən. İstəyirəm ki, sən sağlam olasan, sənin gözəl dostun, mənim yaxşı tanıdığım Tamara xanım daim səninlə olsun və siz birlikdə xoşbəxt yaşayasınız.

Mən sənə yaxşı günlər, sağlamlıq arzulayıram və əsas hədiyyəm isə...

Tanınmış müğənni yubilyarın şərəfinə təbrik mahnısı oxudu.

Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili VLADİMİR SVETUN Ukrayna Prezidenti Leonid Kuçmanın təbrik teleqramını oxudu:

“Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti Müslüm Məhəmmədoviç Maqomayevə

Hörmətli Müslüm Məhəmmədoviç!

Sizi, xalqın sevimli müğənnisini 60 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. İndiki yubiley Sizə olan hörmətimi və istedadınıza heyranlığımı izhar etmək üçün daha bir imkandır.

Qoy bu gün yeni ideyaların parlaq təzahürü ilə yadda qalsın, Sizə yeni ilham və yaradıcılıq qüvvəsi versin. Sizə möhkəm cansağlığı, ailə səadəti, sənətdə təkrarsız uğurlar arzulayıram.

Hörmətlə,

Ukrayna Prezidenti

Leonid Daniloviç Kuçma”.

Dmitri Qnatyuq və Mariya Stefyuk yubilyarın və onun xanımının şərəfinə Ukrayna xalq mahnısını ifa etdilər.

SSRİ xalq artisti MARİYA STEFYUK Müslüm Maqomayevin Ukraynaya qastrolu zamanı baş vermiş bir epizod barədə xatirələrini söylədi:

-Bu, 1970-ci illərin əvvəllərində Ukrayna şəhərlərinin birində olmuşdur. Müslüm Maqomayev oraya konsert verməyə gəlmişdi. Bütün tələbələr həmin konsertə getdik, konsertdən sonra isə hamı mehmanxanaya üz tutdu. Əlbəttə, qrupumuzda oxuyan bir qızdan başqa heç kimi mehmanxanaya buraxmadılar. O, elə hey qışqırırdı: “Müslüm, mən səni sevirəm, sən hamıdan məlahətli, hamıdan gözəlsən”. Bu sözləri o, bir neçə dəfə təkrarladı. Birdən Müslüm Məhəmmədoviç çıxıb dedi: “Ay qız, mən çox yorulmuşam. Əgər siz mənimlə danışmaq istəyirsinizsə, növbəyə durun”, - deyə tələbələri göstərdi.

O zaman mən öz-özümə fikirləşdim ki, rəfiqəmin dediyi sözləri ona çatdırmaq üçün növbədə nə qədər durmalıyam. Bu gün isə mən səhnədəyəm. Bütün bu illər ərzində, ilk dəfə olaraq, mənim növbəm indi gəlib çatdı.

 

Odur ki, o vaxt demək istədiyim sözləri demək istəyirəm: “Müslüm, Ukraynanın bütün qadınları sənin pərəstişkarındır. Biz səni sevirik. Sən hamıdan gözəl, hamıdan məftunedicisən, sən dahi müğənnisən. Biz sənə uzun ömür və Tamara xanımla birlikdə böyük səadət arzulayırıq”.

Sonra Mariya Stefyuk “Siciliyada axşam ibadəti” operasından Yelenanın ariyasını ifa etdi.

Səhnədə qoyulmuş ekranda tanınmış Azərbaycan pianoçusu, respublikanın xalq artisti, artıq neçə ildir ABŞ-da yaşayan ÇİNGİZ SADIQOVUN səsli təbrik məktubu nümayiş etdirildi:

- Bu gün böyük bayramdır - dahi artistin bayramıdır, bizim hamımızın, bütün xalqımızın bayramıdır. İllər çay kimi axıb gedir. Budur, əzizim, sənin 60 yaşın tamam olmuşdur. Ümidvaram ki, tanıdın, mən Çingiz, Sadıqovam. Bu gün səni təbrik etməyimə çox şadam. Burada səni sevirlər, sənin mahnılarını oxuyurlar: “Ümid”, “Orfey”, “Buhenvald harayı”. Burada sənin yolunu gözləyirlər, sənin mahnılarını gözləyirlər, okeanın bu tayında səninlə görüşmək istəyirlər. Uzaq San-Fransiskodan sənə Azərbaycan salamı göndərirəm. Müslüm Maqomayev, sən bizim sevimlimizsən, öz sənətinlə hamımıza sevinc bəxş edirsən.

Sonra Çingiz Sadıqov Respublika sarayının səhnəsində göründü və yubilyara, salona toplaşanlara müraciətlə dedi:

- Əziz Müslüm!

Əziz bakılılar!

Mən bir qədər həyəcanlıyam. Bakıda - hər bir küçəsini və hər bir evini tanıdığım şəhərdə 9 ildir olmamışam. Lakin indi Bakını gəzib-dolaşıram, onun necə də gözəlləşdiyinə heyran qalıram. Mən dostlarımın və qohumlarımın üzünü çoxdan görməmişdim, lakin, buraya gələndən bəri onların hamısı ilə görüşüb hal-əhval tuta bildim. Mən bu səhnəyə çoxdan çıxmamışdım, lakin bu gün, nəhayət, çıxdım və indi qarşınızda dayanmışam. Bütün bunlara görə, sənin Bakıda yubileyini təşkil etmiş və sözlərimin hamısını demək üçün mənə imkan yaratmış hörmətli cənab Prezident Heydər Əliyevə çox sağ olun demək istəyirəm.

Müslüm, mən sənin elə bir konsertini xatırlamıram ki, anşlaqsız keçsin. Bu gün də salon doludur. Bakılılar sənin çox böyük istedadına öz hörmət və ehtiramını bildirmək üçün yenidən bir yerə toplaşiblar, sənin yanına gəliblər. Sən Azərbaycan xalqının böyük oğlu olmusan, oğlusan və həmişə də olacaqsan. Sənə ürəkdən xoşbəxtlik, əmin-amanlıq, firavanlıq və sağlamlıq arzulayıram! Bu işıqlı və əlamətdar gündə mənim və Ceyran xanımın ən xoş və ən səmimi təbriklərimizi qəbul et. Yubileyin mübarək!

 

Çingiz Sadıxov royalda xalq mahnılarından və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət popurri ifa etdi.

Sonra SSRİ xalq artisti LÜTFİYAR İMANOV çıxış edərək dedi:

-Əlbəttə, bu gün çox əlamətdar gündür. Çox hörmətli cənab Prezident Heydər Əlirza oğlu Əliyev, xanımlar və cənablar, bu əlamətdar gün münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Əziz Müslüm!

Məsələ bundadır ki, Müslüm canlı əfsanədir. Yaxşı xatirimdədir, Müslüm musiqi məktəbində oxuyanda biz böyük sinif otağında yanaşı otururduq. O, demək olar ki, gecə-gündüz çalıb-oxuyurdu. Sən oxumaya bilməzdin, çünki sən oxumaq üçün dünyaya gəlmisən. Əzizim Müslüm, mən çox danışmayacağam. Sənin barəndə çox danışmaq olar, sənin haqqında hələ çox yazılacaq. Təkcə bunu demək istəyirəm ki, biz səninlə bir yerdə neçə illər oxumuşuq, sonra özün çıxış etməyə başladın, sən haralarda oxumamısan? Sovet İttifaqında elə müğənni olmayıb ki, Müslüm kimi bir ay ərzində 45 konsert versin. Bu, görünməmiş işdir. Özü də Müslüm hər dəfə səhnəyə çıxanda, oxumağa başlayanda, mahnı ilə yaşayırdı. Tamaşaçılar onun ifasına valeh olurdular. Mən səni ancaq dahi müğənni Mario Lansa ilə müqayisə edə bilərəm. Səni başqa heç kimlə müqayisə edə bilmərəm. Çünki dünyada Mario Lansa olub, bir də Müslüm Maqomayev var.

Mən sənə kiçik bir hədiyyə təqdim edmək istəyirəm - bu, orqanın, eləcə də xalq musiqi alətlərinin - sazın, balabanın, tütəyin müşayiəti ilə oxuduğum Azərbaycan xalq mahnılarından ibarət ilk və yeganə diskimdir.

Sonra Lütfiyar İmanov Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etdi.

Ekranda yubilyarın qızının musiqili məktubu nümayiş etdirildi: “Bizim hamımız üçün əziz olan bu gündə, sənin ad günündə sənə ilk növbədə cansağlığı, uzun ömür, xoşbəxtlik, çoxlu-çoxlu təbəssüm, sevinc arzulayırıq. İndiki anda bizi okean ayırsa da, biz çox şadıq ki, bu gözəl, təntənəli gündə səni təbrik etməyə, sevincimizi səninlə bölüşməyə imkan tapmışıq. Bir-birimizdən uzaqda olsaq da, bütün qəlbimizlə, ürəyimizlə səninləyik.

 

Çox istərdim ki, sənin yaradıcılıq fəaliyyətin uzun illər davam etsin, səsin isə daim eşidilsin. Bu qeyri-adi gündə sənin kimi qeyri-adi adam üçün qeyri-adi sözlər tapmaq çox çətindir. Odur ki, biz sənin üçün sürpriz hazrılamışıq. Təbrik üçün əsas sözü söyləmək səlahiyyətini sənin nəvənə etbar etmişik. Maqomayevlər nəslinin ənənələrinin ən balaca, ən başlıca davamçısına. Səni nəvən təbrik edir.

Ekranda yubilyarın nəvəsi görünür. “Ad günün mübarək” melodiyası səslənir.

Sonra görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə səhnəyə çıxdılar.

CEYRAN XANIM mərasim iştirakçılarına müraciətlə dedi:

- Çox hörmətli cənab Prezident Heydər Əlirza oğlu!

- Əziz və sevimli Müslüm Məhəmmədoviç!

- Mərasim iştirakçıları !

Rəşid Behbudov Fondu və şəxsən öz adımdan hamınızı salamlayıram. Həyat elə gətirdi ki, ulduz kəhkəşanında iki dahi müğənni rastlaşdı. Onlardan biri şöhrət zirvəsini fəth edirdi, digəri isə artıq zirvədə idi. Onlar bir-birinə mehr saldılar, bir-birinə məftun idilər, çox səmimi və nəvazişli münasibətləri var idi. Böyüyünün nəvazişliyi ondan ibarət idi ki, o, hələ gənc olan Müslümün çıxışlarına baxanda, onu dinləyəndə gözləri yaşla dolurdu. O,hərarətli əllərini uzadıb Müslümün boynundakı şərfi düzəltmək, soyuq dondurma yediyi üçün onu danlamaq istəyirdi. İllər ötdükcə qüvvətli, cazibədar və əzəmətli səsi ilə Müslüm ona ən böyük sevinc bəxş edirdi. Onları Vətənlərinə olan qeyri-adi, fanatik məhəbbət birləşdirirdi. Bir gün onlar qollarını açıb bütün Azərbaycanı qucaqladılar, onun şöhrətini, onun mahnılarını bütün dünyaya yaydılar. Bu, onları doğmalaşdırır və birləşdirirdi. Ona görə də bütün Azərbaycan xalqı, bütün dünya və bizim hörmətli, gözəl, müdrik Prezidentimiz Heydər Əlirza oğlu onları bu qədər sevir.

Deməliyəm ki, 1996-cı ildə Müslüm Məhəmmədoviç hörmətli Heydər Əlirzaoğlunun məsləhəti və öz təşəbbüsü ilə dahi Rəşid Behbudovun xatirə bayrağını yaxın və uzaq xaricdə ilk dəfə qaldıraraq, Moskvada “Rossiya” konsert salonunda möhtəşəm, gözəl bir gecə keçirdi. Konsert beləcə də adlanırdı - “Rəşid Behbudovun ulduzu Müslüm Maqomayevin qonağıdır”.

 

1996-cı ildə, hətta bəlkə də məhz həmin gözəl gecədən sonra Rəşid Behbudov Fondu yaradıldı. Bu Fondun məqsəd və vəzifələri Rəşid Məcidoğlunun amalını təkrar edir - Azərbaycan mədəniyyətini, incəsənətini tanıdır, ilk növbədə, gənc istedadların inkişafına kömək edir. Mən dərin sevinc hissi ilə deməliyəm ki, Fondun, onun bədii şurasının yekdil qərarı ilə Rəşid Behbudov adına Beynəlxalq mükafat təsis olunmuşdur. Bu gün biz onu məmnuniyyətlə Müslüm Məhəmmədoviç Maqomayevə təqdim edirik. İcazə verin, bu diplomun mətnini oxuyum: “Azərbaycan mədəniyyətinin inkişafına və Rəşid Behbudovun xatirəsinin əbədiləşdirilməsinə çox böyük töhfəsinə görə müasir dövrün görkəmli müğənnisi, böyük səhnə ustası Müslüm Maqomayev Rəşid Behbudov adına Beynəlxalq mükafatla təltif edilir. Rəşid Behbudov Fondu”.

Müslüm Məhəmmədoviç, biz sizə çoxlu hədiyyə hazırlamışıq. İkinci hədiyyəmiz Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin, “Raks” firması Bakı şöbəsinin və həyatın bütün məqamlarında imdadımıza gələn “Azərbaycan Hava Yolları” konserninin birgə işinin nəticəsi olan diskdən ibarətdir. Bu disk yenicə hazırlanıb və necə deyərlər, isti-isti bizə gətirilib. Onu Türkiyədən yenicə göndəriblər. Sizin son dərəcə gözəl yaradıcılığınıza aid materialların axtarılıb tapılmasına imkan verdiyinə görə professor Xudiyevə hədsiz minnətdaram. Deməliyəm ki, biz çox məsləhətləşdik, düşünüb-daşındıq. Bu diskdə sizin geniş auditoriya ilə, necə deyərlər, qeyri-adi görüşünüz əks etdirilmişdir. Mən bilən, bu ilk görüş Çaykovski adına Konsert salonunda - böyük yolunuzun, şan-şöhrət yolunuzun başlandığı salonda olmuşdur.

İndi bu diski sizə bağışlamaq imkanına görə Nizami Xudiyevə, Cahangir Əsgərovun simasında “Azərbaycan Hava Yolları” konserninə, “Raks”ın Bakı şöbəsindən Etibar Babayevə məmnuniyyətlə təşəkkür edirəm.

Əziz Müslüm Məhəmmədoviç, Azərbaycanın əziz və gözəl gəlini Tamara xanım, bir söz də deyim: Biz sizi bir-birinizdən ayrı təsəvvür etmirik.

 

Rəşid Behbudov Fondu və “Sahil” informasiya-analitik mərkəzi sizə internet səhifəsi həsr edir. İnternetdə sizin rəsmi ünvanınız www.maqomayev.net-dir. Buyursunlar, sizin yaradıcılığınızı sevənlər,- belələri isə bütün dünyada olduqca çoxdur, - saytınıza girib bir daha öz məhəbbətini izhar edə bilərlər. Bundan əlavə, Fond azyaşlı istedadları himayə etmək missiyasını da öz üzərinə götürmüşdür, çünki, Müslüm Məhəmmədoviç, hər bir azyaşlı istedad müəyyən müddətdən sonra sizin kimi böyük möcüzəyə çevrilir. Artıq bir neçə beynəlxalq mükafata layiq görülmüş 13 yaşlı bakılı qız Nərminə Vəliyeva bu tablonu fərəhlə çəkmişdir və onu sizə hədiyyə edir.

Çox sağ olun. Bizə göstərdiyiniz bu böyük şərəfə görə sizə minnətdaram.

Sonra Rəşid Behbudovun qızı Rəşidə Müslüm Maqomayevin öz atası Məhəmməd Maqomayevə həsr etdiyi mahnını ifa etdi.

Rus satirik yazıçısı Lion İzmayılov Müslüm Maqomayevi yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, yaradıcılıq uğurları arzuladı.

 

Azərbaycanın xalq artisti AZƏR ZEYNALOV görkəmli müğənniyə müraciətlə dedi:

- Hörmətli, əziz Müslüm bəy! Hər dəfə maraqlananlar məndən soruşanda ki, harada təhsil almışam, mən ardıcıllıqla İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının və İtaliya Musiqi Akademiyasının adlarını çəkirəm. İtaliya adı çəkilən kimi hamının gözləri qarşısına böyük sənətkarlar - Bülbül, Şövkət Məmmədova və Müslüm Maqomayev gəlir. Təsəvvür edin, nə qədər böyük şərəfdir ki, mənim də adım bu böyük müğənnilərin siyahısında çəkilir.

Mən Müslüm Maqomayevin səsi ilə, onun səsinin möhtəşəmliyi altında böyümüşəm. Müslüm Maqomayevin əzəmətli, möhtəşəm səsi insanların vətəndaş əxlaqının tərbiyəsində çox qüdrətli bir amildir.

Mən Müslüm Maqomayevə xoşbəxtliklə, cansağlığı ilə yanaşı, bir də onu arzu edirəm ki, qoy o, heç zaman öz yerini boş qoymasın. Onun səsinin əzəmətinə, möhtəşəmliyinə, cəngavərliyinə Azərbaycan xalqının həmişə çox böyük ehtiyacı var. Sağ olun.

Sonra Azər Zeynalov Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasını ifa etdi.

 

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Rauf Abdullayev və orkestrin kollektivi Müslüm Maqomayevi təntənəli mahnı ilə təbrik etdilər.

RAUF ABDULLAYEV yubilyara müraciətlə edərək dedi:

-Əziz Müslüm, icazə ver səni gözəl yubileyin münasibətilə təbrik edim, sənə cansağlığı, xoşbəxtlik arzulayım və ən xoş diləklərimi bildirim. Mənə elə gəlir ki, sənin haqqında danışmaq çətin olduğu qədər də asandır. Lakin deməliyəm ki, sənin ulduzun birdən parladı və bu günədək şölələnir, bundan sonra da şölələnəcəkdir. Təəssüf ki, sən son zamanlar Bakıya az-az gəlirsən. Biz səni daha tez-tez görmək və dinləmək istəyirik. Bununla belə, sənin burada, bizimlə birlikdə olmağın bizim üçün böyük bayramdır. Bakıda gedən yaradıcılıq proseslərindən, yəqin ki, xəbərdarsan. Orkestrimiz əsası Azərbaycan klassik musiqisinin bünövrəsini qoyan görkəmli bəstəkar və dirijor Müslüm Maqomayevin və dahi Üzeyir Hacıbəyovun ənənələrini qoruyub saxlamağa və davam etdirməyə çalışır. Lakin respublikamızın Prezidenti, çox hörmətli Heydər Əlirza oğlu Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və atalıq qayğısı olmasaydı, bütün bunlar da olmazdı.

Dünən sənə Azərbaycanın ali ordeni- “İstiqlal” ordeni təqdim olunarkən hörmətli Prezident sənin yığcam, sadə, lakin dərin xarakteristikanı verdi. Mən bu sözləri özüm üçün yazmışam və indi onları oxumaq istəyirəm. Düşünürəm ki, konservatoriyanı və daha ali məktəbləri bitirmiş nəzəriyyəçilər bu analizə qiptə edə bilərlər. Hörmətli Prezidentimiz demişdir: “Mahnıları hamı ifa edir. Lakin eyni bir mahnını müxtəlif ifaçılar müxtəlif cür ifa edirlər. Müslümü bütün digər ifaçılardan fərqləndirən xüsusiyyət budur ki, o, hər hansı bir mahnını ifa etməyə başladıqda ona öz aranjimanını, özünün müəyyən çalarlarını verirdi və bu mahnı elə səslənirdi ki, sanki yenicə yazılmışdır”. Düşünürəm ki, bundan daha yaxşı demək çətindir.

 

Prezident sonra dedi: “Mən sənin mahnılarını təhlil edə bilərəm, çünki sənin hər bir mahnın böyük sənət əsəridir, amma indi mən bunu etməyəcəyəm, bəlkə də sonralar nə vaxtsa bunu da edəcəyəm”. Mən səni bir daha təbrik edirəm, sənə ən əziz nemətlər, bütün arzularının həyata keçməsini diləyirəm.

MÜSLÜM MAQOMAYEV: Mən də, öz növbəmdə, bu gözəl kollektivə minnətdaram. Hər dəfə gələrkən onun necə dirçəldiyini görmək, orkestrin həqiqətən, gözəl səsləndiyini eşitmək mənə xoşdur. Uşaqlar, çox-çox sağ olun, sizə səadət arzulayıram.

Xalq artisti XURAMAN QASIMOVA mərasim iştirakçılarına müraciət edərək dedi:

- Çox hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz yubilyarımız Müslüm!

Bu gün bizim hamımız üçün çox əlamətdar gündür, çox böyük bayramdır. Təəssüf ki, bizim bu gözəl Respublika sarayımız yubileyiniz münasibəti ilə sizi təbrik etmək istəyənlərin hamısını tuta bilməmişdir. Mən deyilənləri təkrar etmək istəmirəm, əziz Prezidentimiz dövlətimizin ali mükafatını - “İstiqlal” ordenini dünən sizə təqdim edərkən, həqiqətən, unudulmaz nitq söylədi. Mən öz heyranlığımı, həyəcanımı gizlədə bilmirdim. Hamımızın qəlbi xalqımızın oğluna görə iftixar hissi ilə döyünürdü. Prezidentin dediyi kimi, Müslüm, həqiqətən, təbiət səxavətini sizdən əsirgəməmişdir. Sizin qeyri-adi, çox zəngin səsiniz var, biz hamımız çoxdan bu səsin sehrindəyik. Sizin gözəl zahiri görkəminiz var, axı səhnə üçün bu da çox vacibdir.

Mən həyatımdan bir epizodu xatırlamaq istəyirəm, onu bəlkə siz də xatırlayırsiniz, çünki, Müslüm, o, sizinlə bağlıdır. Bu əhvalat 1970-ci illərin əvvəllərində baş vermişdir. O vaxt bütün Sovet İttifaqı Vladimir İliç Leninin anadan olmasının 100 illiyini təntənə ilə qeyd edirdi. Bütün müttəfiq respublikaların mədəniyyət xadimləri Leninin adı ilə bağlı olan yerlərə getməli idilər. Bu tədbirdə Azərbaycan da iştirak edirdi. Onda mən hələ müğənni deyildim, məktəbi yenicə bitirmişdim, amma oxumağa sevirdim və oxumağa uşaqlıqdan maraq göstəriridim. Mən böyük bir nümayəndə heyətinə kinematoqrafçılarımız ilə birlikdə, yalnız gənc bir kinoaktrisa kimi daxil edilmişdim. Bizim sevimlimiz, iftixarımız Müslüm isə o zaman artıq məşhur idi, çox böyük uğur qazanmışdı. Yadımdadır, Kazanın küçələrində görkəmli xadimlərimizin adları, o cümlədən də Müslümün adı yazılmış böyük afişalar asılmışdı. Hamı onun solo konsertini böyük həsrətlə və səbirsizliklə gözləyirdi. Konsert İdman sarayında olmalı idi. Mən təsadüfən orkestrin məşqində oldum. Onda Müslüm dincəlirdi, çıxışa hazırlaşırdı.

Mən daxili səmimiyyətlə, sadəcə, mahnıya məhəbbətim olduğuna görə səhnəyə çıxdım və onun orkestri ilə bizim bir neçə Azərbaycan mahnısını ifa etdim. Bizim Müslümün salona necə daxil olduğunu hiss etmədim. O, gənc qızın səsini eşidib ona diqqət kəsilmişdi. Sakitcə səhnəyə yaxınlaşdı, qorxa-qorxa ona baxıb fikirləşdim ki, mənə irad tutacaqdır. O, kimliyimlə maraqlandı, dedi ki, cox yaxşı oxuyur, görəsən bu qız mənimlə bir konsertdə oxumaq istərdimi. Təsəvvürünüzə gətirirsinizmi, həmin anda mən nə vəziyyətdə idim. Əlbəttə, mənim sevincimin həddi yox idi. Bu onu sübut edir ki, Müslüm gənc kadrların da inkişafını da həmişə həssaslıqla izləyirdi. Bəli, həmin gün məşqlərdən sonra o, bir neçə dəfə mənə diqqətlə qulaq asıb özü ilə bir konsertdə çıxış etməyimə razılığını verdi. Mən bunu bütün həyatım boyu yadda saxlamışam, çünki onda böyük uğur qazandıq və Müslüm, yaradıcılığınızın pərəstişkarı olan qadınların sizin üçün ürəyi gedirdi. Biz onların yaxınlaşıb sizi qucaqlamağına həsədlə baxırdıq, biz, həmyerliləriniz sizinlə fəxr edirdik. Bax, o vaxt mənə sizinlə bir yerdə səhnəyə çıxmaq imkanı oldu, bu böyük məsuliyyət tələb edirdi. Lakin o zaman bunu o qədər də hiss etmirdim. Əsas hadisə isə siz məni maşınınıza oturdub hamımızın birgə yaşadığı mehmanxanaya aparanda baş verdi. Qadınlar mehmanxananın girişini əhatəyə almışdılar və məni didməyə hazır idilər. Mən bütün bunları görmüşəm və həmin günün təəssüratlarını sizinlə bölüşmək istəyirəm. Dahi müğənni ilə bax, belə səhnəyə çıxdım. O vaxtdan bəri Müslüm bizim böyük dostumuzdur. Misli görünməmiş uğurlar onun başını gicəlləndirmədi. Tezliklə o, gözəl ömür-gün yoldaşını, bizim gözəl Tamara xanımı tapdı. Bu xanım onun layiqli həyat yoldaşı oldu. Biz onu geniş ürəklə böyük ailəmizə qəbul etdik. Bu günə qədər hələ heç bir baldız ona qısqanclıq etməmişdir, çünki bizim hamımız onu çox sevirik, o, görkəmli müğənnidir. Ən başlıcası isə, onlar öz həmkarlarını çox sevirlər.

Mənim arxivimdə beynəlxalq müsabiqələrdə qələbələrimiz münasibətilə sizin mənə və bacım Fidana göndərdiyiniz gözəl teleqramlar saxlanılmışdır. Əziz Tamara, əziz yubilyarımız, biz sizə çox minnətdarıq. Sizin hər ikiniz qeyri-adi istedada maliksiniz. Müslüm, bizim hörmətli Prezidentimizin dediyi kimi, sizin istedadınızın həqiqətən dərin kökləri vardır. Siz dahi babanızın, bizim klassik musiqimizin banilərindən birinin nəvəsisiniz. Musiqimizin inkişafında onun əvəzsiz rolu olmuşdur.

 

Bu gün mən demək istərdim ki, siz böyük familiyanızın layiqli nümayəndəsisiniz.

Xuraman Qasımova Müslüm Maqomayevin “Nərgiz” operasından ariyanı ifa etdi.

X X X

Yubiley mərasiminin ikinci hissəsi “Nizami” bədii filmindən kadrların nümayişi ilə başladı. Müslüm Maqomayev bu filmdə dahi Azərbaycan şairi Nizaminin obrazını yaratmışdır

Təbrik üçün Gürcüstan mədəniyyət nazirinin müavini Svetlana Ketsba, əməkdar artist, bəstəkar Nono Qaboniya, SSRİ xalq artisti Nani Breqvadze səhnəyə çıxdılar.

SVETLANA KETSBA mərasim iştirakçılarına müraciətlə dedi:

-Çoxhörmətli cənab Prezident!

Əziz Müslüm Məhəmmədoviç!

Xanımlar və cənablar!

Dostlar!

Müslüm Maqomayev sənətinin qeyri-adi dəyərə və nəcibliyə malik olduğunu desəm, yanılmaram. Onu biganəlik deyil, həyatın çətinliklərinə rəğmən, itkilərə, məşəqqətlərə, istirablara rəğmən həyatsevərlik, doğma torpağın gözəlliyinə vurğunluq səciyyələndirir. Canlı sözə, canlı insan ünsiyyətinə tələbat sadə və danılmazdır. Bəlkə buna görədir ki, müğənnilik sənəti, yenidən insanlara qaytarmaq üçün bəsləməli olduğun bu Allah vergisi bu qədər əziz və qiymətlidir. Müslüm Maqomayevin adi keçmiş SSRİ-nin ucsuz-bucaqsız məkanında və onun hüdudlarından uzaqlarda hər bir kəs üçün əzizdir. Bu istedadlı insan öz Vətəninin rəmzinə çevrilmişdir və düşünürəm ki, onun yaradıcılığının böyük dəyəri və böyük mahiyyəti bundadır. Uzun və mürəkkəb tarix boyu onu müşayiət edən xalqına məhəbbət və sadiqlik, bütün gözəl ideallara sadiqlik sənətkarın böyük xoşbəxtliyi deyilmi?

Azərbaycani və Gürcüstanı möhkəm qardaşlıq və dostluq telləri bağlayır. Tarix bizim azadlıq və müstəqillik uğrunda birgə mübarizəmizin nümunələrini qoruyub saxlamışdır. Tarix bizə mənəvi qardaşlıq nümunəsi bəxş etmişdir, bugünkü gün də belə gözəl nümunələrlə doludur. Bundan əlavə, bu gün biz demokratik cəmiyyət quran iki dövlətin qarşılıqlı münasibətlərinin daha yüksək səviyyəsindən danışa bilərik. Bu səviyyə Azərbaycanın və Gürcüstanın liderləri - Prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olmuşdur. Müslüm Maqomayev - bu ad Gürcüstan üçün sonsuz dərəcədə əzizdir və bu gün bu barədə danışmamaq, bunu qeyd etməmək qeyri-mümkündür.

Əziz Müslüm Məhəmmədoviç, Gürcüstan sizi özünün böyük dostu, öz istedadını insanlara, insanların, çoxmilyonlu auditoriyanın və ayrı-ayrılıqda hər bir adamın xoşbəxtliyinə, ərməğan edən böyük insan, artisti kimi qiymətləndirir. Sizi hər bir evdə ən əziz qonaq kimi gözləyirlər. Qoy bu, çox illər belə davam etsin, bu belə olmuşdur və bizim üçün son dərəcə sevinclidir. Ölkəmizin Prezidenti Eduard Amvrosiyeviç Şevardnadze bütün Gürcüstan xalqı ilə birgə gözəl müğənnini salamlayır və icazə verin onun məktubunu oxuyum.

“Azərbaycanın xalq artisti Müslüm Maqomayevə!

Əziz Müslüm Məhəmmədoviç!

Sizin son dərəcədə parlaq istedadınızın çoxsaylı gürcü pərəstişkarları adından və şəxsən öz adımdan 60 illiyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Gözəl səs, səmimilik və artistizm sizi çoxmilyonlu auditoriyanın sevimlisinə çevirmişdir. Xatırlamaq xüsusilə xoşdur ki, incəsənətdə sizin ilk addımlarınız Tbilisi Opera və Balet Teatrı ilə bağlıdır. Əminəm ki, bundan sonra da sizin yeni yaradıcılıq nailiyyətlərinizin dəfələrlə şahidi olacağıq.

Sizə xoşbəxtlik, cansağlığı və ən xoş diləklər arzulamaq istəyirəm.

Səmimi hörmətlə,

Eduard Şevardnadze”

Mən başqa bir missiyanı da yerinə yetirməli, gənc gürcü rəssamı Giya Georqadzenin kiçik qrafik rəsm əsərini təqdim etməliyəm. Bununla əlaqədar mən Azərbaycanın dahi şairi, Gürcüstanın böyük dostu Vaqifin sözlərini xatırlatmaq istərdim.

 

Mən bu adı təsadüfən xatırlamadım. Belə ki, Müslüm Məhəmmədoviç, siz və Azərbaycan incəsənətinin digər gözəl xadimləri bu sevgi və dostluq ənənələrini davam etdirirsiniz.

Vəh, bu bağın nə əcəb sərvi-dilaraları var,

Hər tərəf tazə açılmış güli-həmzaları var,

Asılıb tazəvü tər laleyi-həmraları var,

Yəni, Tiflisin əcəb dilbəri-zibaları var,

Ey könül, seyr elə kim, türfə tamaşaları var.

Mərhaba, Tiflis imiş cənnəti dünya yerinin,

Yığılıbdır ona cəmiyyəti hurü nəzinin,

Mən bu şəhrin nə deyim vəsvini dilbərlərinin,

Filməsəl, şəklü şəmayildə, vəli, hər birinin

Məhi-təbana bərabər sərü simaları var.

Bu ocaq böylə ocaqdır ki, işıq ayə salır,

Gün kimi şöləsini cümleyi-dünyaya salır,

Tez tutar xaini-bədxahları vayə salır,

Hər kimin başına kim, mərhəməti sayə salır

Elə bilsin oların dinilə dünyaları var.

Mən demək istəyirəm ki, Gürcüstandan gəlmiş gözəl qadınlar sizi təbrik etmək istəyirlər, tbilisililər isə sizi qonaq gözləyirlər. Çox sağ olun.

SSRİ xalq artisti Nani Breqvadze və əməkdar artist, bəstəkar Nono Qaboniya Nani Breqvadzenin bəstələdiyi “Sevgi ulduzu” romansını ifa etdilər.

Təbrik üçün səhnəyə çıxan SSRİ xalq artisti Fidan Qasımova mərasim iştirakçılarına müraciətlə dedi:

-Çox hörmətli cənab Prezident!

Əziz Müslüm!

Hörmətli mərasim iştirakçıları!

Bu gün biz hamımız xoş həyacan hissi keçiririk. Çünki əzizimiz Müslümün ad gününü qeyd edirik. Mən çox danışmaq istəmirəm. Çünki onun ünvanına xeyli xoş sözlər deyildi. Mən təkcə öz həyatımdan, sənətdə ilk addımlarımı atdığım dövrdən kiçik bir epizodu xatırlamaq istəyirəm. Filarmoniyada ifa etdiyim çoxlu əsərlər içində Puççininin operasından Lorettanın ariyası da var idi. Ariyanı ifa etdiyim zaman Müslümün gözəl tembrə malik səsini eşitdim. Belə bir böyük müğənni tərəfindən bəyənildiyim üçün özümü olduqca xoşbəxt sanırdım. Mən həm ölkədə, həm də xaricdə birlikdə verdiyimiz konsertləri minnətdarlıq və həsrət hissi ilə xatırlayıram. O, həmin konsertlərdə uğurla çıxış edirdi. Mən isə bir həmyerlisi kimi onunla fəxr edirdim və indi də fəxr edirəm.

Fidan Qasımova Lorettanın ariyasını oxudu və onu yubilyara həsr etdi.

 

Xuraman və Fidan Qasımova bacıları Niyazinin “Arzu” romansını ifa etdilər.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi AYDIN BƏŞİROV mərasim iştirakçılarına müraciət edərək dedi:

Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, Gəmiçilik üzrə iki əmrin mətnini sizə oxuyum. Birincisi 17 may 1972-ci il tarixli əmrdir: “Dənizçilərin mədəniyyət evinin keçmiş üzvü, Azərbaycan SSR-in xalq artisti Müslüm Maqomayev böyük və məhsuldar konsert-ifaçılıq fəaliyyətinə, Gəmiçiliyin əməkçiləri ilə daimi dostluq əlaqələrinə görə “Sovet Azərbaycanı” dizelelektroxodunun heyətinə birinci dərəcəli matros qəbul edilsin.

Gəmiçiliyin rəisi Haşımov”.

17 avqust 2002-ci il tarixli yeni əmr:

“ Qüsursuz xidmətinə, zəhmətsevərliyinə və göstərdiyi şücaətə görə birinci dərəcəli matros Müslüm Məhəmməd oğlu Maqomayev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Maestro Niyazi” gəmisi kapitanının fəxri köməkçisi təyin edilsin”.

Hörmətli Müslüm müəllim, bu gün çox şadıq ki, siz öz fəaliyyətinizə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mədəniyyət evindən başlamısınız. Bu gün dənizçilər əvvəlkitək sizi sevir, sevəcəklər. Mənə elə gəlir ki, onların arasında sizin davamçılarınız vardır. 4 ay bundan əvvəl, mayın 6-da Azərbaycan xalqının böyük oğlu maestro Niyazinin adını daşıyan yeni gəmi alınmışdır. Biz bilirik ki, siz maestro Niyazi ilə xoş münasibətdə olmusunuz, dost olmusunuz. Bu dostluğun rəmzi kimi, “Maestro Niyazi” gəmisinin maketini və dünən möhtərəm Prezidentimiz “İstiqlal” ordenini sizə təqdim edərkən haqqında söhbət açdığı “Sovet Azərbaycanı” gəmi-bərəsinin 1972-ci ildə çəkilmiş şəklini sizə hədiyyə edirəm.

Müslüm müəllim, bildiyiniz kimi, bu gün gənc ifaçılar vardır. Icazə verin, Gəmiçiliyin mədəniyyət evinin yeni yetişdirməsi, Müslüm Maqomayevin davamçısı gənc Zakirə söz verim.

Zakir italyan xalq mahnısını ifa etdi.

 

SSRİ xalq artisti MARİYA BİYEŞU ariyanı ifa etdikdən sonra mərasim iştirakçılarına müraciətlə dedi:

- Əziz dostlar, mən təyyarədən elə indicə düşmüşəm. Mənim işim çox idi, lakin özümə söz vermişdim ki, sizin gözəl respublikanıza bizim hamımızın sevimlisi Müslüm Maqomayevin yubileyinə gələcəyəm. Müslüm Maqomayev incəsənətdə, tərəfdaşlıqda bizi bir-birimizə bağlayır. Mən çox danışmaq istəmirəm, lakin o dahi insandır. O, gözəl, ürəyi açıq artistdir.

Mariya Biyeşu Moldovanın musiqi xadimlərinin, bu ölkənin xalqının salamını “Doyna” moldovan xalq mahnısını ifa etməklə yetirdi.

Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi RƏFAEL İLYASOV təbrik nitqi ilə çıxış edərək, Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyevin təbrik teleqramını oxudu:

“Çox hörmətli Müslüm Məhəmmədoviç!

Tatarıstanlılar adından və şəxsən öz adımdan sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sovet adamlarının bir neçə nəsli üçün əfsanəvi insan və fövqəlulduz olan siz Rusiyanın və Azərbaycanın musiqi mədəniyyətinin canlı rəmzi və layiqli nümayəndəsisiniz. 18 yaşında ikən “Buhenvald harayı” və “Fiqaro” kavatinanı ehtirasla ifa etdikdən sonra misli görünməmiş uğur qazanmağınız, bütün Sovet İttifaqında və onun hüdudlarından kənarda məşhurlaşmağınız, çoxminli pərəstişkarlarınızla dolu stadionlar və üstündə “Oxuyur Müslüm Maqomayev yazılmış böyük tirajlı vallar neçə onilliklərdir ki, sizin nadir istedada malik olduğunuzu sübut edir. Cəzbedici insan və hərtərəfli şəxsiyyət kimi siz böyük şöhrət və ümumxalq məhəbbəti qazana bilmisiniz. İstedadınızın milyonlarla pərəstişkarları ilə bir yerdə ən xoş hisslərimizi izhar edir və əsl ustalığınıza, böyük əməyinizə, sənətinizlə təmasda olmaq sevincinə görə sizə minnətdarlığımızı bildiririk.

Müslüm Məhəmmədoviç, icazə verin, bu təntənəli gündə sizə möhkəm cansağlığı, firavanlıq və yaradıcılıq ilhamı arzulayım. Sizə və gözəl ailənizə xoşbəxtlik diləyirəm.

Səmimiyyətlə,

Mintimer Şaymiyev

Tatarıstan Respublikasının Prezidenti”

Rusiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Stanislav Çernyavski və SSRİ xalq artisti İosif Kobzon yubilyarı təbrik etmək üçün səhnəyə çıxdılar.

STANİSLAV ÇERNYAVSKİ mərasim iştirakçılarına müraciətlə dedi:

- Azərbaycan Respublikasının çoxhörmətli cənab Prezidenti!

- Müslüm Maqomayev istedadının hörmətli pərəstişkarları!

Əziz yubilyarımız!

Azərbaycan xalqı zəngin xalqdır. O, öz istedadları ilə zəngindir, lakin bütün tarixi ərzində olduğu kimi, indi də öz istedadlarını digər xalqlarla bölüşdürür. Ona görə də bu gün tam əsasla deyə bilərik ki, Müslüm Maqomayev bizim ümumxalq sərvətimizdir. Onun mahnılarının sədaları altında biz işləmişik, xam torpaqlara getmişik, sevdiyimiz qızlarla tanış olmuşuq. Buna görə də bu gün biz Rusiya Prezidenti Vladimir Putinin teleqramını alarkən xüsusi məmnunluq duyduq.

“Hörmətli Müslüm Məhəmmədoviç!

Anadan olmağınızın 60 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin yaradıcılığınız bizim musiqi sənətinin ən parlaq səhifəsidir. Gözəl ifaçılıq məharəti və bəstəkarlıq istedadı Sizə həmkarlarınızın layiqli hörmətini, başlıcası isə, saysız-hesabsız pərəstişkarlarınızın böyük məhəbbətini qazandırmışdır.

Hörmətli Müslüm Məhəmmədoviç, Sizə və əzizlərinizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram.

Rusiya Federasiyasının Prezidenti

Vladimir Putin”.

Biz bu gün musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Müslüm Məhəmmədoviç Maqomayevin “Şərəf” ordeni ilə təltif olunması barədə Rusiya Prezidentinin Fərmanını da almışıq.

Sonra çıxış edən SSRİ xalq artisti İOSİF KOBZON dedi:

- Əziz yoldaş Prezident, Heydər Əlirzaoğlu!

Mən Sizi yoldaş adlandırmaqda səhv etmədim. Mən Sizə rəsmi müraciət etmək istəmirəm, çünki Siz bizim üçün çox doğma və yaxınsınız və mən cavan dostum Müslümə səmimi qəlbdən həsəd aparıram ki, o, Prezidentin mədəniyyətə, incəsənətə və şəxsən ona atalıq qayğısı göstərdiyi bir ölkədə yaşayır. Mən sənə ona görə həsəd aparıram ki, üç gündən sonra Moskvada öz yubileyimi qeyd edəcəyəm. Mənim 65 yaşım tamam olur.

Əziz Müslüm, əgər sən bu gün razı olsaydın, bütün keçmiş qardaş müttəfiq respublikalar sənin yubileyini qeyd edərdi, sənin şərəfinə bayram şənlikləri keçirərdi. Lakin, əlbəttə, sənin üçün ən əziz bayram sənin doğma xalqının, sənin doğma torpağının və ürəkdən sevdiyin, ehtiram bəslədiyin Prezidentinin bayramıdır. Bunu hamımız başa düşürük. Ona görə də mən dedim ki, sənə səmimi qəlbdən həsəd aparırıq. Bilmirəm, bəlkə yubileyimdə mənə də nə isə qismət olacaq. Lakin belə vəziyyət olmayacaq. Buna mən şübhə etmirəm.

Birinci hissədə biz gözəl Tamara xanımla yanaşı oturmuşduq. Xatırladım ki, sənin bütün yaradıcılıq həyatın mənim gözlərim qarşısında keçmişdir. Sənin ilk dəfə Moskvada görünməyin və hətta Tamara xanımla məhəbbət macəran da mənim gözlərim qarşısında olmuşdur. Hər şey gözəl idi. Müslüm bir dəfə vurulmuşdur və bu, indiyədək davam edir. Bu məhəbbət bölünməz və əbədidir. Mən bu gün fikirləşirdim ki, Müslüm üçün nə oxuyum. Onun bütün ölkənin oxuduğu bir mahnısını xatırladım. Müslüm Azərbaycanın heyrətamiz fitri istedadıdır.

 

Çox qəribədir ki, onun istedadı çoxşaxəlidir. O, gözəl bəstəkar, pianoçu, rəssam, vokalçıdır. Bütün bunlar sənə lazım idi, çünki sən bunların hamısını üzə çıxarmış və bizə bol-bol hədiyyə etmisən. Buna görə təkcə salonda əyləşənlər deyil, bu gecəyə gəlmək arzusunda olanlar deyil, sənin gəlişini Moskvada həyəcanla gözləyənlərin hamısı sənə minnətdardırlar. Moskva yubileyə hazırlaşır. Yuri Mixayloviç Lujkov Heydər Əlirzaoğluna özünün hörmət və ehtiramını yetirməyi və Müslümə bildirməyi xahiş etmişdir ki,

biz sentyabrın 17-də “Rusiya” konsert salonunda onun yubileyini layiqincə qeyd edəcəyik.

İosif Kobzon Müslüm Maqomayevin repertuarından mahnı ifa etdikdən sonra sözünə davam edərək dedi:

-Mənim 60 illik yubileyimdə müdrik adamlardan biri dedi ki, bu yaşdan sonra kişilər yavaş-yavaş uşaqlıq dövrünə qayıdırlar. Mən sənə arzu edirəm ki, bacardıqca daha çox böyük qalasan. O vaxt mən bu sözü eşidəndən sonra kədərləndim. Ancaq bildirim ki, bu, heç də belə deyildir.

O, şəxsən Müslüm Maqomayevə həsr etdiyi mahnını oxudu.

Sonra mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsində dərc olunur).

X X X

Yubiley mərasimində Milli Məclisin sədri Murtuz Əldəsgərov, parlament sədrinin, baş nazirin müavinləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, nazirlik, komitə və konsernlərin rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri, mədəniyyət, incəsənət, elm xadimləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlu və

Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi banklar qızıl ehtiyatını artırır

Diz ağrısına qarşı ən yaxşı sadə və dərmansız müalicələr tapılıb - TƏDQİQAT

Adi soyuqdəymə virusları belə insult riskini artıra bilər - TƏDQİQAT

Varşavada “Armudu stəkan uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Uzun gəzintilər xroniki bel ağrısı riskini azalda bilər -   TƏDQİQAT

Milli İncəsənət Muzeyində konsert keçirilib

Qazaxıstan 10 gün ərzində süperkompüteri işə salmağı planlaşdırır

Klublararası dünya çempionatı: "Çelsi" uduzub, "Benfika" 6 cavabsız qolla qalib gəlib

TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb

Ukrayna və Rusiya əsirlərin növbəti böyük mübadiləsini həyata keçirib

"Liverpul" Florian Virtsin transferini açıqlayıb

Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb

Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər

Gürcü musiqiçilər “Baku Piano Festival-2025” çərçivəsində rok-konsert veriblər

Alman-Azərbaycan Dostluq Həftəsi çərçivəsində konsert proqramı təqdim olunub

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib

Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin “Ermənistana birləşdirilməsi” niyyəti məhkəmədə ifşa olunub

Almaniya İsraildəki vətəndaşlarının daha bir qrupunu təxliyə edib

Yalçın Rəfiyev: COP30-da əsas gözləntilərdən biri Bakıdan Belemə 1,3 trilyon dollarlıq yol xəritəsinin hazırlanıb təhvil verilməsidir

UFC turnirindən əvvəl üz-üzə mərasimi keçirilib

"Qarabağ"dan növbəti transfer

Bako Sahakyan: Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi əməliyyatın Ermənistan silahlı qüvvələri tərəfindən keçirilməsi idi

Ermənistanın baş naziri Türkiyədə səfərdədir

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti may ayında keçirilən monitorinqin nəticələrini açıqlayıb

Akademik Nizami Cəfərov: Vaxtilə Birinci Türkoloji Qurultayın qarşısında duran bir çox məsələ bu gün də aktualdır

Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib

Mərakeşin media nümayəndələrinin ölkəmizə səfəri planlaşdırılır

Benefisiarlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil olunub

Ekspert: Avropa Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir – MÜSAHİBƏ

® Dənizçilər üçün sərfəli kredit təklifi!

Avropa İttifaqında mobil cihazlarla bağlı yeni qaydalar qüvvəyə minib

Səbail rayonunda aşkarlanan silah-sursat ərazidən kənarlaşdırılıb

Yüksək bal toplayan abituriyent: Atam kimi savadlı həkim olmaq istəyirəm

Baş direktor: Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb

Zaqatalada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və Şəki Reabilitasiya Mərkəzinə baxış olub

OANA-nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

Mikanadze: Azərbaycan və Gürcüstan parlamentarilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına töhfə verir

Dirk Köyt Belçika klubundan ayrılıb

Səfir Birol Akgün: Türk dünyasında inteqrasiyasının dərinləşdirilməsi istiqamətində əməli addımlar atılır

Afrika ölkələrinin rəsmiləri Romaya toplaşıblar

Latviya və Monteneqro ilə vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Aktotı Raimkulova: Türk dünyasının birliyi üçün gördüyümüz hər bir iş ortaq strateji tərəfdaşlığımızın ayrılmaz hissəsidir

Türkiyə Prezidentinə İƏT Gənclər Forumunun ali mükafatı təqdim edilib

Nazir Rəşad Nəbiyev Ağdamda vətəndaşların müraciətlərini dinləyib

Avropa çempionatı: Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat alıb

Günbəgün möhkəmlənən Azərbaycan-Özbəkistan qardaşlıq münasibətləri hər bir azərbaycanlı üçün qürurvericidir - ŞƏRH

Rektor: ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərirlər

İzmirdə meşə yanır

Əhməd Nuri Yurdusev: Ortaq elmi təşəbbüslər region üçün əhəmiyyətli nəticələr doğuracaq

TÜBA-nın prezidenti: “Elm diplomatiyası” çərçivəsində alimlərin ortaq vəzifəsi dünyada sülhün təmininə elmi dəstək verməkdir

AIDA-nın rəisi: Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik

Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib

Daşkənddə Türk Dövlətləri Təşkilatının Diaspor Gənclərinin III Forumu keçirilib

Avrokomissiya Serbiyaya 51,7 milyon avro ayırıb

“AzerGold” sikkə və külçələrin gerialışı üzrə müştərilərə 1,15 milyon manat ödəniş edib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi qardaşlığın, dostluğun və həmrəyliyin əyani nümunəsidir ŞƏRH

AFFA rəsmiləri FIFA-nın sammitində iştirak edirlər

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

Energetika naziri Qusarda vətəndaşların müraciətlərini dinləyib

Akademik İsa Həbibbəyli: Türk dünyası ilə əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyur

Ən təmiz çimərliklərə malik Avropa ölkəsinin adı açıqlanıb

Azərbaycan millisinin Belarusdakı təlim-məşq toplanışı üçün heyəti bəlli olub

Braziliyanın dövlət rəsmisi: İqlim maliyyəsi üzrə Bakı təşəbbüsü qlobal səylərə güclü töhfə verir

“Labubu”nun rəhbəri tənqidlərdən sonra 4 milyard dollar itirib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar keçirilən seminarlar yekunlaşıb

Xabi Alonso məşqçilik karyerasında ilk dəfə dronlardan istifadə edib

Azərbaycan rusiyalı turistlərin səyahət istiqamətləri siyahısına başçılıq edir

“Azərbaycan” məhəlləsi təkcə yaşayış yeri deyil, həm də dostluq və qardaşlığın nəsillərə ötürüləcəyi bir məkandır - RƏY

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 30 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Papa XIV Leo süni intellektin uşaqların intellektual və mənəvi inkişafına təsirindən danışıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

AQTA-da sahibkarların qəbulu keçiriləcək

Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub

Laçına səfər edən Polşa səfiri: İrəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır VİDEO

Laçına səfər edən Polşa səfiri: İrəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır VİDEO

1 nömrəli Bakı Tibb Kollecində “Məzun günü” keçirilib

Əməkdar rəssam Natiq Səfərovun 65 illiyinə həsr olunmuş sərgi açılacaq

“Azərbaycan” məhəlləsi birliyin möhkəm təməl üzərində qurulduğunun daha bir göstəricisidir ŞƏRH

AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur

İranın Səhiyyə Nazirliyi: İndiyədək İsrailin hücumları nəticəsində 2800 nəfər yaralanıb

® “Həkimlərimizi tanıyın!”

® “Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

Baş prokuror Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib

Mikayıl Cabbarov: Özbəkistanla ticarət dövriyyəsi üç dəfədən çox artıb

Qazax Milli Universiteti ilə Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

“Azərbaycan” məhəlləsi - sarsılmaz qardaşlığın rəmzi VİDEO

“Azərbaycan” məhəlləsi - sarsılmaz qardaşlığın rəmzi VİDEO

Herakl bürcündə Yupiterdən yeddi dəfə böyük soyuq planet kəşf edilib

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri genişlənir

DİN: Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilir VİDEO

DİN: Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilir VİDEO

Səfir Kımqu Kanq: Laçının belə gözəl olduğunu heç təsəvvür etməzdim VİDEO

Səfir Kımqu Kanq: Laçının belə gözəl olduğunu heç təsəvvür etməzdim VİDEO

Xankəndidə karate klubu yaradılıb

® “Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub VİDEO

Tarixdən əvvəlki dövrdə - təqribən 10 min il əvvəl yaşamış qadının üz cizgiləri bərpa edilib

Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyi yaradılacaq