Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monito-rinqin keçirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2023-cü il

№ 214

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 25 iyun
tarixli 214 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6-4-cü maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır, müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin (bundan sonra – monitorinq) keçirilməsi qaydasını müəyyən edir.

1.2. Monitorinq müayinə və texniki xidmət məlumatları üzrə reyestrə (bundan sonra – Reyestr) daxil edilmiş məlumatlar əsasında bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – nəzarət orqanları) tərəfindən keçirilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Monitorinqin keçirilməsinin məqsədi və subyektləri

2.1. Monitorinqin məqsədi müayinə keçirilməsində və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunmasını, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasını, monitorinq keçirilən subyektlər tərəfindən Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

2.2. Qanunun 6-4-cü maddəsinə uyğun olaraq monitorinq subyektləri aşağıdakılardır:

2.2.1. qaz paylayıcısı;

2.2.2. yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyət-çiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);

2.2.3. balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);

2.2.4. ixtisaslaşmış podratçılar;

2.2.5. istehlakçılar.

3. Monitorinqin keçirilməsi

3.1. Qanunun 20-ci maddəsinə uyğun olaraq nəzarət orqanları bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulmuş istiqamətlər üzrə monitorinqin keçirilməsi ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdirlər.

3.2. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeli-yində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

3.2.1. Qanunun 6-2-ci maddəsi ilə müəyyən edilmiş qaydada qaz paylayıcısı tərəfindən istehlakçının qaz qurğularına və qaz xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.2.2. Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş qaydada istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.2.3. qazpaylayıcı şəbəkəyə texniki xidmətin həyata keçirilməsi;

3.2.4. müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi;

3.2.5. müayinənin və texniki xidmətin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərdə bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlər tərəfindən Qanunun 6-2-ci və 6-3-cü maddələri ilə müəyyən edilmiş müddətlərə və hərəkətlərə əməl edilməsi;

3.2.6. Qanunun 6-5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçıların fəaliyyəti.

3.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

3.3.1. Qanunun 6-2-ci maddəsi ilə müəyyən edilmiş qaydada istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.3.2. Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş qaydada istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.3.3. yaşayış binalarında və dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi.

3.4. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

4. Monitorinqin keçirilməsi üsulları

4.1. Nəzarət orqanları tərəfindən monitorinq aşağıdakı üsullarla həyata keçirilir:

4.1.1. Reyestrə daxil edilmiş məlumatların toplanılması, qiymətləndirilməsi, təhlili və yoxlanılması;

4.1.2. monitorinqin məqsədləri üçün bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi.

5. Monitorinqin keçirilməsi qaydası və müddəti

5.1. Nəzarət orqanları tərəfindən növbəti ilin başlanmasına ən geci 2 (iki) ay qalmış bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan istiqamətlər üzrə monitorinqin keçirilməsi barədə növbəti il üçün tədbirlər planı hazırlanıb təsdiq edilir.

5.2. Tədbirlər planında aşağıdakı məlumatlar qeyd edilir:

5.2.1. tədbirlər planı üzrə növbəti il üçün monitorinq keçiriləcək bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan istiqamətlər;

5.2.2. monitorinqin keçirilməsinin başlanma və bitmə tarixləri;

5.2.3. monitorinqin bu Qaydanın 4.1-ci bəndinə uyğun keçirilmə üsulları.

5.3. Tədbirlər planı təsdiq edildikdən sonra nəzarət orqanlarının rəsmi internet səhifəsində yerləşdirilir.

5.4. Bu Qaydanın 5.1-ci bəndinə əsasən monitorinq mütəmadi (rübdə bir dəfədən az olmamaq şərtilə) həyata keçirilir. Monitorinq başlanıldığı tarixdən etibarən 1 (bir) aydan çox davam edə bilməz.

5.5. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərin, dövlət orqanlarının (qurumlarının), habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinin pozulması halları müəyyən edildikdə, monitorinqlər bu Qaydanın tələblərinə uyğun olaraq plandankənar qaydada həyata keçirilir.

5.6. Monitorinqin keçirilməsi zamanı Reyestrə daxil edilmiş məlumatlar arasında natamamlıq, ziddiyyət və ya səhv aşkar edildikdə nəzarət orqanları bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərdən əlavə məlumat, sənəd və izahat tələb edirlər. Monitorinq subyektləri monitorinqin keçirilməsi ilə bağlı tələb olunan məlumatları və sənədləri nəzarət orqanlarına kağız daşıyıcıda və ya elektron qaydada təqdim etməli, həmçinin yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidirlər.

6. Monitorinqin nəticələrinin rəsmiləşdirilməsi

6.1. Monitorinqin nəticələri aktla rəsmiləşdirilir.

6.2. Monitorinqin nəticələri barəsində aktda aşağıdakılar qeyd edilir:

6.2.1. aktın tərtib edildiyi tarix, yer və qeydiyyat nömrəsi;

6.2.2. aktı tərtib edən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı;

6.2.3. barəsində akt tərtib edilən monitorinq subyektinin adı və ünvanı;

6.2.4. bu Qaydanın 5.2.2-ci və 5.2.3-cü yarımbəndlərində qeyd edilən məlumatlar;

6.2.5. monitorinq zamanı aşkar olunmuş pozuntuların məzmunu və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

6.2.6. akta əlavə edilən sənədlərin siyahısı (olduğu halda);

6.2.7. aktı tərtib etmiş şəxslərin imzaları;

6.2.8. Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmadığı müəyyən edildikdə bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə məlumatlar;

6.2.9. aktı tərtib etmiş nəzarət orqanının möhürü.

6.3. Bu Qaydanın 6.4-cü bəndi nəzərə alınmaqla, monitorinqin nəticələri barəsində akt həmin monitorinqin keçirilməsinin bitmə tarixindən gec olmayaraq nəzarət orqanı tərəfindən tərtib edilməli və surəti tərtib edildiyi tarixdən 3 (üç) iş günü müddətində barəsində akt tərtib edilmiş monitorinq subyekti tərəfindən alınmasını təsdiq edən istənilən vasitə ilə təqdim olunmalıdır (göndərilməlidir).

6.4. Monitorinq subyektinin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi üsulu ilə monitorinq həyata keçirildikdə monitorinqin keçirildiyi gün bu Qaydanın 6.2-ci bəndi ilə müəyyən edilmiş qaydada 2 (iki) nüsxədə akt tərtib edilir və 1 (bir) nüsxəsi barəsində akt tərtib edilmiş monitorinq subyektinə təqdim edilir, digər nüsxəsi isə nəzarət orqanında saxlanılır.

6.5. Nəzarət orqanları monitorinqin keçirilməsi nəticəsində Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmadığını müəyyən etdikdə, qanun pozuntularının aradan qaldırılması üçün pozuntu hallarına yol vermiş monitorinq subyektinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla icrası məcburi olan göstərişlər verir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

6.6. Monitorinqin keçirilməsinin nəticələrinə dair əldə edilmiş məlumatlar nəzarət orqanları tərəfindən 1 (bir) iş günü müddətində həmin orqanların rəsmi internet səhifəsində yerləşdirilir, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər mənbələrdə açıqlanır.

6.7. Monitorinqin keçirilməsi sahəsində nəzarət orqanlarının qərarlarının icrası bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlər üçün məcburidir. Həmin qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin