MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Səfər Əbiyev qonaqları salamlayaraq demişdir ki, Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində işlərin davam etdirildiyini göstərir və ümidvarıq, bu səfər problemin həllinə təkan verəcəkdir.
Cənab A.Jakolen həmsədrlərin fəaliyyəti barədə məlumat verərək demişdir ki, biz danışıqların yeni mərhələsinə qədəm qoymuşuq və bu danışıqlar professional səviyyədə aparılır. Onun fikrincə, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verən hər bir insident döyüş əməliyyatlarının yenidən başlanmasına səbəb ola bilər. Ona görə belə halların qarşısı alınmalıdır.
General-polkovnik S.Əbiyev buna münasibətini bildirərək demişdir ki, insidentlərin olmaması üçün əsas səbəbi aradan qaldırmaq lazımdır. Yəni Ermənistan silahlı qüvvələri zəbt etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidir. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması haqqında qəbul etdiyi dörd qətnamənin tələbləri yerinə yetirilməlidir. Minsk qrupunun missiyası Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdir. Bəziləri deyirlər ki, Azərbaycanın işğal edilmiş torpaqları və Dağlıq Qarabağ ayrı-ayrı anlayışlardır. Biz bir daha bəyan edirik ki, Dağlıq Qarabağ da işğal olunmuş Azərbaycan ərazisidir və torpağımızın bir qarışını da heç kimə verməyəcəyik.
Müdafiə naziri Azərbaycanın işğal edilmiş ərazilərində terrorçu qrupların hazırlanması, Ermənistanın həmin torpaqlarda mülki şəxslər yerləşdirməsi barədə də qonaqlara məlumat vermişdir.
Görüşdə ABŞ-ın və Fransanın Azərbaycandakı səfirləri Rino Harniş və Rolan Blatman, ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi səfir Anjey Kaspşik iştirak etmişlər.