SİYASƏT
Müdrik rəhbər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək nəsillər üçün bir örnəkdir
Bakı, 12 dekabr (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar dahi şəxsiyyətə hörmət və ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gələn insanlar arasında paytaxt sakini Fəxrəddin Mirzəyev də vardır.
Bu ziyarəti özünə mənəvi borc hesab edən F.Mirzəyev AZƏRTAC-a bildirmişdir ki, xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını müdrik rəhbərimiz Heydər Əliyevdə görmüşdür. Çünki milli iftixarımız olan dahi şəxsiyyət Heydər Əliyev hər zaman bütün problemlərin öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları vardır ki, zaman ötdükcə ulu öndərimizin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.
Dünya şöhrətli siyasətçi, müdrik rəhbər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək nəsillər üçün bir örnəkdir. Bu gün ölkəmiz ulu öndərimizin siyasətinin uğurlarından faydalanır. Azərbaycanın uğurlarının əsasında duran, gələcəyə istiqamətlənmiş Heydər Əliyev siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.