ELM VƏ TƏHSİL
Müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizə qəbulu elektron hökumət portalı ilə həyata keçirilir
Bakı, 31 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizə qəbulunu yalnız elektron hökumət (E-gov) portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulunu isə elektron poçt ([email protected]) vasitəsilə həyata keçirir və bildirir ki, sənədlərin elektron poçt vasitəsilə qəbulu ölkəmizdə həyata keçirilən izolyasiya tədbirlərinə öz töhfəsini verəcək.
Bu barədə AZƏRTAC-a məlumat Əqli Mülkiyyət Agentliyindən verilib. Qeyd olunub ki, sənaye mülkiyyəti obyektlərində ilkinlik tarixi əsas olduğu üçün iddia sənədinin elektron poçta daxil olduğu tarix ilkinlik tarixi kimi nəzərə alınacaq.
Hazırda koronavirus infeksiyası (COVID-19) ilə bağlı yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlər deyil, həm də vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.