ELM VƏ TƏHSİL
Müəllim ömrü - ADPU-da tədbir








Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilən “Müəllim ömrü” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı dosent Reyhan Ağayeva müəllimlərin cəmiyyətin əsas hərəkətverici qüvvəsi olduğunu və respublikamızda müəllimə ən ali dəyərin verildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov vurğulayıb ki, müəllim təkcə bilik öyrətmir, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur: “Müəllimlərimiz - bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutandır. Onlar bizim parlaq sabahımızın təməlidir”.
44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman müəllimlərin əziz xatirələrinin anılmasından sonra tədbir “müəllim andı” ilə sona çatıb.