ELM VƏ TƏHSİL
Muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, rəssam Fəxrəddin Əlinin Azərbaycan muğamlarına aid əsərlərinə baxış keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan muğamlarından bəhs edən 80 rəsm əsərini yüksək dəyərləndirib. Akademik bu əsərlərin yüksək poliqrafik üsulla kitab şəklində nəşrinin məqsədəuyğunluğunu qeyd edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq muğam festivalına hazırlıq məsələləri barədə ətraflı məlumat verib.
İ.Həbibbəyli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə qarşıda duran vəzifələrdən söz açıb, bu istiqamətdə görülən işlərin böyük əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, mədəni tədbirlərə də geniş yer verilir, o cümlədən muğam sənətinin inkişafına və beynəlxalq səviyyədə təbliğinə böyük səy göstərilir.
AMEA-nın vitse-prezidenti nəşri nəzərdə tutulan “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusu və rəsm əsərlərindən ibarət kitab-albomdan da söhbət açıb. Nəşrin bu ilin martında ölkəmizdə keçiriləcək beynəlxalq muğam festivalının və elmi konfransın işinə dəyərli töhfə olacağı vurğulanıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova muğamşünaslıq məsələləri üzrə nəşri nəzərdə tutulan məqalələr toplusunun hazırlıq vəziyyəti barədə ətraflı məlumat verib. Toplunun yaxın günlərdə hazırlanaraq rəhbərliyə təqdim olunacağı diqqətə çatdırılıb.
Sonda akademik İsa Həbibbəyli muğamşünaslıq konfransı ilə əlaqədar işçi qrupunun qarşısında duran vəzifələri diqqətə çatdırıb.